Son 1 ayda banklara kart sifarişi xeyli artıb. Bu, biznes strukturlarının nağdsız hesablaşmalara üstünlük verməsindən irəli gəlir.
Fins.az xəbər verir ki, iqtisadçı Rəşad Əliyev bununla bağlı fikirlərini açıqlayıb:
"Nağdsız hesablaşmalar haqqında" Qanunun qüvvəyə minməsindən artıq 2 aya yaxın vaxt keçib. 5 maddədən ibarət bu kiçik qanunun biznes mühitinə böyük təsiri olub. Biznes burda özü üçün müsbət heç nə görmür. Bu təbiidir, məhdudlaşdırma heç kimin heç yerdə xoşuna gəlməz. Bank sektoru üçün bu Qanun müsbət nəticələr verməli idi. Uzunmüddətli perspektiv üçün bu şübhəsizdir. Qısamüddətli dövrdə təsir birmənalı müsbət olmasa da, ümumilikdə bank sektoru üçün kifayət qədər müsbət nəticələr var.
Təkcə Qanunun 3.4.4.-cü bəndini götürəyin. Ona əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər, kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir.
Təsəvvür edin ki, bu əlavə olaraq banklara böyük həcmdə ödəniş kartlarının sifarişinə səbəb olub. Böyük müəssisələrin əksəriyyəti kart sisteminə keçmişdi, ancaq orta və kiçik biznes (200 mindən çox dövrüyyəsi olan) bu sistemə keçidi tam etməmişdi. Bankın qazancı sözsüz ki, kartın sifariş pulu yox (bu ümumi hesabda az vəsait təşkil edir, məsələn 1 illik kart 10 manat, aşağıda ola bilər) kartlar üzrə köçürmə haqqları olacaq. Kiçik müəssisələr üzrə ödəniş kartlarına müəssisə tərəfindən pul köçürülməsi hardasa 1% təşkil edir.
Təsəvvür edin ki, bankların sayı azalıb, üstəlik də kart sifarişlərinin sayı artıb və avtomatik olaraq əmək haqqı köçürmələrinin məbləği artdığı üçün xidmət haqlarının məbləği artıb".