30 Oktyabr

Bağlanan banklarda mübahisəli əmanətlər üzə çıxdı – AÇIQLAMA

"Azərbaycanın bank sektorunda likvidlik problemi yoxdur, bu göstərici 70%-in üzərindədir". Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.

Palata rəhbəri bağlanan baklarla bağlı məsələlərə də toxunub. Bildirib ki, ləğv olunan bankların aktivləri dəyərləndirilir.

"Aktivlərlə ödənişlərin müddəti arasında uyğunsuzluq olur. Məsələn, depozit 1 illikdir, kredit 3 illik. Kreditə də deyə bilmirsən ki, sabah qaytar, depoziti də bir neçə il ləngidə bilmirsən. Beləliklə, aktivlər likvidator dəyəri ilə qiymətləndirilir. Başqa sözlə, 5 illik kreditin 1 ilə necə satılmasının yolları axtarılır".

R.Aslanlı bildirib ki, 9 bank üzrə kreditorların siyahısı müəyyən olunaraq məhkəməyə göndərilib. Məhkəmə isə öhdəliklərin həcmini təsdiq etməlidir.

"Məsələn, "Bank Standard" QSC-də mübahisələndirilən əmanətlər var. Bəzi əmanətçilər iddia qaldırır ki, əmanət üzrə faiz dərəcəsi 10% deyil, 12%-dir. Buna bənzər texniki hallar var. Məhkəmə bunları araşdırıb, yekun məbləği təsdiqləməlidir. Təkcə "Bank Standard" QSC-də 260 min əmanətçi var idi. Digər banklarda da təxminən 100 minədək əmanətçi olub. Təxminən söhbət 350 min əmanətçidən gedir. Məhkəmə bunların hamısını araşdırır".

R.Aslanlı qeyd edib ki, məhkəmədə bankların aktivlərinə baxılacaq və ləğvetmə planları hazırlanacaq.

"Şirkət öz təhlilini apardıqdan sonra məhkəmə ləğvetmə planını təsdiqləyəcək. Ləğvedici artıq planı təqdim edib. Bizim gözləntilərimiz ondan ibarətdir ki, ləğvetmə planı mart ayından bir-bir təsdiqlənəcək".