30 Oktyabr

Qorunmayan əmanətlərin qaytarılmasına nə vaxt başlanacaq?

Bağlanan banklarla bağlı ləğvetmə prosesi bu ilin mart ayından daha da sürətlənəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası ləğvetmə planını artıq müvafiq qurumlara təqdim edib. Bu plan daxilində qorunmayan əmanətlərin qaytarılması ilə bağlı işlər də öz əksini tapıb. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, məhkəmənin bu planla bağlı yaxın vaxtlarda qərarı gözlənilir.

Fins.az xəbər verir ki, Palata artıq 11 bankın birini BOKT-a çevirməyə hazırlaşır. Yerdə qalan 9 bank üzrə proseslər məhkəmənin nəzarəti altında həyata keçirilir. ADİF kreditorların siyahısını müəyyən edərək, məhkəməyə təqdim edib. Məhkəmə öhdəliklərin məbləğini təsdiqləməlidir. Çünki bəzi hallarda bank və yaxud ləğvedici tələblə bağlı fərqli fikirlər səsləndirirlər və sənədləşmələrdəki qeyri-dəqiqlik problem yaradır.

Məsələn, “Bank Standard”da mübahisələndirilən əmanətlər var. İnsanlar deyirlər ki, mənim əmanətim 10% ilə deyil, 12%-lə qoyulmuşdu. Məhkəmə bu mübahisəli halların hamısını araşdırır. “Təkcə “Bank Standard”da 260 mindən artıq əmanətçinin var idi. Digər bankların da təxminən 100 minə yaxın əmanətçi mövcuddur. Ümumilikdə 350 min əmanətçidən söhbət gedir. Məhkəmə bunların hamısını bir-bir araşdırır”, deyən Palata sədri hesab edir ki, bunlara bir zənbildə baxılması mümkün deyil. Çünki hər bir bankın vəziyəti ayrıca araşdırma tələb edir.

R.Aslanlının sözlərinə görə, ləğvetmə hüquqi bir prosesdir və ardıcıllıqlar gözlənilməklə həyata keçirilir: “ADİF-ə təkid edirik ki, şəffaf şəkildə işləsinlər və ictimaiyyətdə suallar yaranmasın. Banklar ləğv olunduğu halda, onların kreditorlarının siyahısı müəyyən edilir. Bundan sonra onların ödəniş ardıcıllığı hazırlanır. Daha sonra ləğv edilən bankın aktivləri dəyərləndirilir. Bu aktivlər mütləq şəkildə müəyyən edilməlidir, çünki aktivlərin müddəti ilə ödənişlərin müddəti arasında uyğunsuzluq olur. Nəzərə alın ki, deposit 1 illikdir, kredit isə 5 illik. Depozitə 5 il gözlə, kreditə isə 1 ilə qaytar, deyə bilmərik. Ona görə də bu məsələnin həlli üçün aktivlər artıq likvidasiya dəyəri ilə qiymətləndirilməlidir. Yəni, bu halda araşdırmaq lazım gəlir ki, 5 illik krediti 1 ilə necə satmalısan? Çıxış yollarından biri budur ki, başqa bank tapıb ona satmalısan. Bir sözlə, bu peroseslərin hamısı texniki və hüquqi yanaşma tələb edən işlərdir”.