30 Oktyabr

Banklar sığorta kisəsindən kəsir – SƏBƏBLƏR

Azərbaycanda kredit və qarışıq maliyyə risklərinin sığortasında 2016-cı ildə kəskin azalma baş verib. Fins.az-ın məlumatına görə, 2015-ci illə müqayisədə kreditlərin sığortası üzrə yığımlar 29,2 dəfə azalaraq 21 325 manat olub. Ödənişlər isə 2,5 dəfə azalaraq 56 047 manat olub. Qarışıq maliyyə risklərinin sığortası isə 16,3 dəfə azalaraq cəmi 1 560 manat təşkil edib. Maraqlıdır ki, 2016-cı ildə bu sığorta növü üzrə ödəniş edilməyib.

“Kreditləşmə azalırsa, onun sığortası da azalmalıdır”

İqtisadçı-ekspetlər hər iki sığorta növündə kəskin azalmanı bankların mövcud durumu və iqtisadi durğunluqla əlaqələndirirlər. Ekpsert Əkrəm Həsənov fins.az-a bildirib ki, kreditlər üzrə sığorta əsasən ya borcalan vətəndaşın həyat sığortasıdır, ya da girov qoyulan daşınmaz əmlakın və ya avtomobil sığortasıdır. Banklarda kreditləşmənin həcmi kəskin azaldığı üçün sığorta həcminin də azalması təəccüblü deyil: “Yəni kredit azalıbsa, kredit üzrə sığorta da azalmalı idi”.

Ekspert hesab edir ki, bu il də proses davam edəcək. Belə ki, kreditləşmənin artması üçün şərait yoxdur: “Bank sisteminə etimad sarsılıb, əmanətlər çıxarılır, problemli kreditlər artır, devalvasiya təhlükəsi olduğu üçün banklar krediti dollarla vermək istəyir, müştərilər isə əksinə krediti manatla götürmek istəyir”.

Banklar sığorta xərcləri ya ixtisar edir, ya da limit qoyur

Sığorta eksperti Xəyal Məmmədxanlı isə fins.az-a açıqlamasında qarışıq maliyyə riskləri sığortasında kəskin azalmanın 3 məsələ ilə bağlı ola biləcəyini deyib. Ekspert bildirib ki, bu sığortaya bankların kredit risklərinin, bank əməkdaşlarının dələduzluq halları ilə bağlı risklərin, nağd pulun və inkasasiya risklərinin sığortası aiddir.

Birincisi hazırki iqtisadi şəraitdə əksər bankların maliyyə vəziyyətləri onları sığorta xərclərini ixtisara salmağa vadar edir. Bəzi banklar isə bununla bağlı müəyyən limit tətbiq etməyə başlayıblar. Ümumilikdə isə Azərbaycanda cəmi 5-7 bank rikslərini sığortalayır.

Banklar qeyri-şəffaf fəaliyyətlərinin üzə çıxmasından ehtiyat edirlər

Ekspert deyir ki, bank risklərinin sığortasında adətən risklər xarici təkrarsığorta şirkətlərinə ötürülür. Xarici təkrarsığorta şirkətləri isə bankları sığortalayarkən bütün hesabatları tələb edirlər, o cümlədən bankda şəffafığa diqqət yetirirlər. Hazırki böhran şəraitində güclə ayaqda dayanan, qeyri-sağlam yerli banklar isə hansısa hesabatlarının sığorta şirkətinə təqdim edilməsində maraqlı deyillər. X.Məmmədxanlı hesab edir ki, bank risklərinin sığortasının kəskin azalmasının digər səbəbi məhz bununla bağlıdır.

Sığorta şirkətləri problemli banklardan imtina edirlər

Bununla yanaşı, bank bazarında yaşanan böhran sığorta şirkətlərini də bu sığorta növü üzrə ehtiyatlı davranmağa vadar edib. Bəzi hallarda isə sığorta şirkətləri böyük maliyyə problemləri olan bankları sığortalamaqdan imtina edirlər. Ekspert hesab edir ki, bank risklərinin sığortası ilə bağlı kəskin azalmasının digər bir səbəbi də bu ola bilər.