30 Oktyabr

Ən çox kredit ev təsərrüfatlarına verilib

Ev təsərrüfatlarına ayrılan kreditlərin həcmi real sektoru təşkil edən digər sahələrə ayrılan kreditlərdən nəzərə çarpacaq dərəcədə çoxdur. Fins.az xəbər verir ki, 2016-cı ilin yekununda bu sahəyə ayrılan kreditlərin məbləği 5 milyard 859 milyon manat təşkil edib.

Bu rəqəm ticarət və xidmət sektoruna ayrılan kreditlərin həcmindən təxminən 2 dəfə çoxdur. Xatırladaq ki, ticarət və xidmət sektoruna ayrılan kreditlərin həcmi 2016-cı ilin yekununda cəmi 2 milyard 467 milyon manat olub. Ev təsərrüfatlarına verilən kreditlərin portfeldəki xüsusi çəkisi də çox yüksəkdir. Bu göstərici təxminən 35.6% təşkil edir.

Əvvəlki illə yəni, 2015-ci illə müqayisə etsək təbii ki, ümumi kredit portfelində olan azalma bu sektora da təsirsiz ötüşməyib. Bir il ərzində azalma 2 milyard 524 milyon manat və ya faizlə desək 30% olub. Xatırladaq ki, ötən il ümumilikdə kredit portfelinin həcmi 8 milyard 383 milyon manat olub. Portfeldə onun xüsusi çəkisi isə 38.6% təşkil edir.

Ümumilikdə statistikaya nəzər saldıqda görürük ki, 2016-cı il ərzində bu sahəyə ayrılan kreditlərin həcmi azalan tendensiya ilə inkişaf edib.