Azərbaycanda sürətli pul köçürmələrinin sayı 2016-cı il yanvarın 1-ə minimuma düşsə də 2017-ci il yanvarın 1-nə ən yüksək həddə çatıb. Məlumdur ki, Azərbaycana xaricdən, xüsusən də Rusiyadan pul daxilolmaları kəskin azalıb. Bu halda statistikanın artması məhz ölkədən kapital axınının sürətlə davam etdiyini göstərir.
Fins.az xəbər verir ki, sürətli pul köçürmə sistemləri vasitəsilə banka daxil olmalar üzrə əməliyyatların sayı ötən 3 il üzrə ən yüksək həddə çatıb. 2016-cı ilin dekabrında bu göstərici 223,2 min ədəd olub. 2016-cı ilin yanvarında isə cəmi 143,8 min ədəd əməliyyat həyata keçirilib. Stastistika göstərir ki, ötən ilin ilk 3 ayında pul köçürmələrinin sayı azalsa da ilin sonuna yenidən artıb və 2013-cü ildən bəri ən yüksək həddə çatıb.
Həmin dövr üçün məbləğlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar ayında cəmi 78 milyon manat köçürmə qeydə alınsa da , ilin sonuna bu rəqəm 151,8 milyon manat olub. Ötən dövrlər üzrə bu göstərici ən yüksək hədd deməkdir.
Eyni zamanda bankdan kənara köçürmələr də ilin sonunda artıb. Belə ki, ilin əvvəlində bu göstərici 39,4 milyon manat təşkil edirdisə, ilin sonunda 55 milyon manata qalxıb.
Lakin bankdan kənar əməliyyatlarda 2014 və 2015-ci illə müqayisədə ümumi göstəricidə azalma müşahidə olunur. Məsələn, 2015-ci ilin dekabrında bankdan kənara köçürmələr 101 milyon olduğu halda, 2016-cı ilin dekabrında 2 dəfə azalaraq 55 milyona düşüb.