30 Oktyabr

Müflis bankların ləğvi şəffaf aparılırmı?

Hüquqşünas Əkrəm Həsənov ləğvetmə prosesi gedən 10-dan çox müflis bankda kreditorların ümumi yığıncağı və komitəsinin yaradılmasını təklif edib. Onun bu təklifinə Maliyyə Bazarlaına Nəzarət Palatasından cavab gəlib.

Fins.az xəbər verir ki, Palata 8 müflis bankda kreditorların komitəsinin yaradılması ilə bağlı məhkəməyə müraciət edildiyini bildirib: "Bank Standard"la bağlı isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.12.2016-cı il tarixli qərardadı ilə kreditorlar komitəsinin yaradılması və tərkibinin müəyyən edilməsi ilə bağlı tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilib. Habelə həmin komitənin əsasnaməsinin təsdiqi qərara alınıb".
Daha sonra Palata bildirir ki, müflis bankların ləğvetmə prosesi Fond tərəfindən məhkəmənin nəzarəti altında və Palata ilə sıx əlaqədə həyata keçirilir. Buna əsasən, reditorlar hər hansı pozuntu və korrupsiya faktı haqda şikayət edə bilər.
Ə.Həsənov hesab edir ki, Palatanın müflis bankları şəffaf ləğv etdirmək, kreditorların bu prosesə real təsirini təmin etmək fikri yoxdur.
"Əvvəla, ona görə ki, Fond yalnız kreditorların komitəsini yaradır. Halbuki, əvvəlcə kreditorların ümumi yığıncağı çağırılmalı və komitə daimi fəaliyyət göstərən (Fonda nəzarət edən) qurum kimi onun tərəfindən seçilməlidir. Fonda real və obyektiv başqa heç kəs nəzarət edə bilməz. Palata da, məhkəmə də fiziki cəhətdən Fondun gündəlik işinə nəzarət edə bilməzlər. Buna görə də Fond müflis bankların əmlakı ilə istədiyi kimi davranmağa davam edəcək. Belə şəraitdə kreditor pozuntu və korrupsiya haqda necə xəbər tutsun ki, hələ bir şikayət də etsin?!"
Hüquqşünasın fikrincə, kreditorlar komitələrinin yaradılması ləng və qeyri-şəffaf gedir. Bununla yanaşı, Palata kreditorların Fonda müraciət edib müflis banka dair məhkəməyə təqdim edilmiş hesabatın alınmasının mümkün olduğunu bildirib.:
"Qanuna əsasən, bütün müflis banklara dair ləğv planı da məhkəmə tərəfindən çoxdan təsdiq edilməli idi və kreditorlar həmin planı da tələb edə bilər. Odur ki, müflis bankların bütün kreditorlarına tövsiyə edirəm ki, dərhal Fonda müraciət edib hesabatı və ləğv planını tələb etsinlər. "Bank Standard"ın kreditorları isə kreditorların komitəsinə dair məhkəmə qərardadını və əsasnaməni də tələb etsinlər".