Bankların xarici öhdəliklərinin ümumi həcmi fevralın 1-nə 8 071,7 mln. manat təşkil edib. Bu, 2016-cı ilin yekunu ilə müqayisədə 846,9 mln. manat və ya 11,72% çoxalıb. İqtisadçılar yanvar ayında dolların bahalaşması amilini önə çəksələr, aydındır ki, 847 milyon manatlıq artımda digər, daha ciddi əməliyyatların da payı var.
Valyuta mövqeyi açığı yüksəlib
Fins.az xəbər verir ki, bankların xarici öhdəlikləri ilə yanaşı, xalis məcmu aktivləri də artıb və 3 milyard 422 milyon manatdan 4 milyard 13 milyon manata yüksəlib. Eyni zamanda valyuta mövqeyi açığı yüksələrək 4.1 milyard manat təşkil edib. Hələ ilin yekununda qeydə alınan bu dəyişikliklərin hansı əməliyyatlara görə baş verdiyi barədə Mərkəzi Banka ünvanladığımız sorğu 2 aya yaxındır ki, cavabsız qalıb.
Bank sektorunun 4 milyard manat həcmində valyutaya ehtiyacı var
Bəs, ümumiyyətlə bu göstərici nəyi əks etdirir? İqtisadçı Ramin Rəhimov fins.az-a bildirib ki, burada söhbət kommersiya banklarının qeyri-rezidentlərlə, başqa sözlə, xarici şirkətlərlə və ya təşkilatlarla əməliyyatlarından gedir. Yəni, 2017-ci ilin fevral ayına olan məlumata görə, bank sektoru üzrə qeyri-rezidentlərlə bütün valyutalar üzrə aparılmış əməliyyatların ödənişi üçün (daxilolmalar və ödəmələr) - 4190,7 milyon manata ehtiyac var. Bu isə banklar tərəfindən qeyri-rezidentlərin hesabına həmin məbləğdə xalis ödənişin həyata keçirilməli olduğunu göstərir. Başqa sözlə desək, bu rəqəm onu göstərir ki, bankların xarici öhdəliklərinin həcmi xarici aktivlərindən 4 milyard çoxdur. Bir sözlə, ölkədən valyuta axınına tələbat ən azı 4 milyard məbləğindədir.
Öhdəliklər xarici valyutadadır
Xalis xarici aktivlər isə kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosudur. Yəni, qeyri-rezidentlər üzrə banka daxil olmalar və bank üzrə ödənişlər arasındakı fərq xalis xarici aktivlər adlanır (bütün valyutalar nəzərə alınmaqla).
Xarici öhdəliklərin fevralın 1-nə 8 071,7 mln. Manata yüksəlməsi isə o deməkdir ki, bank sektorunun xarici təşkilatlar və qeyri-rezidentlər qarşısında öhdəlikləri artaraq bu göstəriciyə çatıb. “Sadə dillə desək, bankların bu qədər açıq valyuta mövqeyi, yəni xarici valyutaya ehtiyacı varmı”, - sualımıza cavab olaraq ekspert bildirdi ki: “Bəli, açıq valyuta mövqeyi var, amma bu o demek deyil ki, həmin mövqe məhz dollar üzrə yaranıb. Söhbət qeyri-rezidentlərlə bütün valyutalarda olan əməliyyatlardan gedir. Nəzərə alsaq ki, qeyri-rezidentlərlə əməliyyatlarda əsasən dollara üstünlük verilir, bu, təxminən həmin məbləğə yaxın həcmdə dollar tələbi olduğunu göstərir”.
Səbəbkarlar ikidir: biri getdi, biri qaldı
Qeyd edək ki, açıq valyuta mövqeyinin bu qədər yüksək olmasının ən başlıca səbəblərindən biri Beynəlxalq Bankın xarici borcları göstərilir. Çünki məhz 2012-ci ildən xalis xarici aktivlərdə qeydə alınan mənfi saldonun artımı 2015-ci ildə Beynəlxalq Bank olayından sonra daha da sürətləndi. Bu bankın öhdəliklərinin “şişməsi” nəticəsində Azərbaycan iqtisadiyyatında maliyyə böhranı təzahürləri daha da gücləndi və dollar olan tələbatın kəskin artması manatın dayanıqlı mövqeyini sarsıtdı. Məlumdur ki, Azərbaycana xarici valyutanın gətirilməsində ikinci ən böyük bank “Bank Standard” idi. Bu bankda qeydə alınan maliyyə qanunsuzluqlarının səviyyəsi və Beynəlxalq Bankla eyni vaxtda aqoniya halına düşməsi işləri çətinləşdirdi. Hökumət Beynəlxalq Bankı “süni nəfəs otağı”na keçirsə də, eyni vaxta iki xəstəni sağaltmağa gücü çatmadı. Nəticədə sistem əhəmiyyətli bank olmasına baxmayaraq “Bank Standard” canını ADİF-ə tapşırdı. Hazırda ləğvetmə də onun və hazır
Son tendensiyalar isə Mərkəzi Bankın vəziyyəti tam nəzarətə götürdüyünü və stabilləşmənin hələ bir müddət davam edəcəyini göstərir.