Bu il mart ayının sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Fins.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov dolların kursunun dəyişməsinə münasibət bildirərkən deyib.
"Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq. Bütövlükdə isə iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir. Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlər növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa bu fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyli çətinləşə bilər. Neftin qiyməti hətta orta müddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir".
Bəs məzənnənin necə dəyişəcəyini nəyə əsasən müəyyənləşdirmək olar ki, valyutası olanlar itirməsinlər?
V.Bayramov bildirib ki, bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq qısa müddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar.
"Əgər dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman, deməli, növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar. Və bu artım 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması ilə müşahidə ediləcəksə deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi ehtimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir".
Ekspert pulun valyuta səbəti formasında saxlanılmasını daha məqsədəuyğun hesab edir:
"60 (və ya 50) faiz dollar, 20 faiz avro və 20 (və ya 30) faiz manat. Bu sığortalanmış valyuta səbətidir. Valyuta bazarındakı tendensiyaların dəyişməsindən asılı olaraq bu faizlər dəyişə bilər. Deməli, fərqli məlumatlar fonunda sizin qərarlarınız yığımlarınızı valyuta risklərindən qoruya bilər".