30 Oktyabr

Banklar hərraca çıxartdığı manatı hardan alır?

İqtisadiyyata pul buraxılmır, dövriyyədə olan manat aktiv şəkildə Mərkəzi Bank tərəfindən yığılır. Yanvar-fevral ayında keçirilən depozit hərraclarının bir neçəsində dövriyyədən çıxarmaq üçün manat tapmayan Mərkəzi Bank son iki hərracda əlavə tələblə üzləşib. Fins.az xəbər verir ki, sonuncu hərracda da 200 milyon təklif etdiyi halda, banklar 275 milyon tələblə çıxış ediblər. Bəs, bu qədər manat kütləsi banklarda necə formalaşır?
İlk növbədə banklar depozit şəklində toplanan manatı iqtisadiyyata kredit qoyuluşuna yönəltmirlər. Xatırladaq ki, hazırda Azərbaycan banklarında 5 milyarddan yuxarı manat depoziti var. Banklar həmin məbləği passiv saxlamaq istəmirlər. Çünki kredit verməklə risk daşıyan banklar sabitləşməyə qədər bu məhsulu çox məhdud çərçivədə istifadə edirlər.
Bundan əlavə, banklar vaxtilə verdikləri kreditləri indi geri yığırlar. Həmin yığımların həcmi də az deyil. Beləliklə, banklarda əlavə manat likvidliyi yaranır.
Qeyd edək ki, 1 fevral 2017-ci il tarixinə manatla ifadə olunan pul bazasının həcmi 7 milyard 332 milyon manatdır. 2016-cı ilin yekunu ilə müqayisə etsək görərik ki, 1 ay ərzində manat kütləsinin həcmi 530 milyon manat azalıb.