Dövlət problemli bankların sağlamlaşdırılmasına birbaşa kapital verə biləcək. Bunu Fins.az-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. Daha dəqiq desək, söhbət sistem əhəmiyyətli banklardan gedir. Onun sözlərinə görə, bu “Banklar haqqında” qanuna edilən dəyişiklikdə nəzərdə tutulub. Artıq Milli Məclisin müvafiq komitələrində müzakirə olunur.
Yeniliyə əsasən, bu bankların sağlamlaşdırılması əsas iki formada aparıla bilər. Birincisi, sağlamlaşdırılmalı olan bank səhmlərinin 75%-i dövlətə məxsus banka ya birləşdirilə bilər, ya da satın alına bilər.
Və yaxud dövlət sağlamlaşdırılmalı olan bankın səhmlərinin 50%-i həcmində kapital qoyuluşu edə bilər. Bank sağlamlaşdırıldıqdan sonra dövlət həmin hissəni başqa investora təklif edir.
Ekspert bildirib ki, hansı bankların sistem əhəmiyyətli olmasını isə Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edəcək. Ümumilikdə isə daha az problemli banklara dövlət tərəfindən dəstək göstəriləcəyi gözlənilir.
C.İbrahimli deyib ki, dəyişiklik bank bazarında vəziyyətin müsbətə doğru inkişafına yönəlib. Bu əmanətçilərdə və investorlarda bank sektoruna inamı nisbətən artıra bilər. Bununla belə ekspert hesab edir ki, dövlət tərəfindən təkcə sistem əhəmiyyətli deyil, bütün problemli bankların sağlamlaşdırılmasına kapital yönəldilməsi daha məqsədəuyğun olardı.