"Moody`s İnvestors Service" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalmasını proqnozlaşdırır. Agentliyin vitse-prezidenti Mariya Malyukova mediaya açıqlamasında bildirib ki, bu il Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək:
"Hesab edirəm ki, bank sektorunda "təmizləmə", yəni bankların sayının azalması prosesi bu il də davam edəcək".
Onun sözlərinə görə, banklar indiyədək manatın devalvasiyasının neqativ təsirləri ilə mübarizə aparmaqdadır. "Təbii ki, hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır. Başqa sözlə, əsas hədəf kreditlərin restrukturizasiyası və qaytarılması, o cümlədən risqlərin minimallaşdırılmasıdır. Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta risqləri səbəbindən kapitallaşma aşağı səviyyədə qalır".
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov qeyd edib ki, bankların "təmizlənməsi" prosesi gözlənir: "Çünki bank sektoru olduqca bərbad vəziyyətdədir. Bu il bir neçə bankın bağlanacağı və ya birləşdiriləcəyi gözlənir. Ümumiyyətlə, yaxın vaxtlarda Azərbaycanın bank sektorunda "təmizlənmə" prosesi aparılacaq".
Ekspert bildirdi ki, əmanətçilər artıq banklara qoyduqları əmanəti geri götürür: "Hansısa əmanətçi banklardan birinə qoyduğu depoziti geri götürməsi barədə öz yaxınına bildirir. O zaman sağlam bankda əmanəti olan şəxs dostunun başına gələn hadisədən təsirlənərək, o da öz əmanətini dərhal bankdan çıxarır. Bu kimi hallar çox yaşanır".
Həmsöhbətimizin sözlərinə görə, banklarda problemli kreditlərin həcmi günü-gündən artır.
Ə.Həsənovun sözlərinə görə, qanunvericiliyə əsasən, əmanəti 5 gün ərzində qaytara bilməyən bank bağlanmaladır. Ancaq Azərbaycanda vəziyyət fərqlidir. Bəllidir ki, bankların durumu çətin olduğu üçün, onlar əmanətçilərin depozitlərini qaytara bilmir. Bu haqda aidiyyəti qurumlara şikayət olunsa da, tanışlıq münasibətlərinə dayanaraq, həmin banklar hələ də fəaliyyət göstərir.
©baki-xeber.com