"Qazprombank" Azərbaycanda prioritet kimi neft-qaz sektoruna maraq göstərir. Fins.az xəbər evrir ki, bunu jurnalistlərə açıqlamasında "Qazprombank"ın vitse-prezidenti Aleksandr Kaznaçeyev vurğulayıb:
"Biz Azərbaycanla əməkdaşlıqda bir neçə sahəni özümüzə prioritet sayırıq. Təbii ki, birinci sırada bu neft-qaz sahəsidir. Çünki bu sahədə bank layihələri maliyyələşdirmə baxımınından böyük təcrübəyə malikdir. Lakin bu gün biz təqdim etdiyimiz ikinci istiqamət də var. Biz Azərbaycan bazarına sənaye müəssisəsi, mühəndislik sahəsi, neft-qaz-kimya sahəsi, İT-texnologiyalar üzrə qabaqcıl texnologiyalar təklif etmək istəyirik".
Azərbaycana ayrılan ümumi limitin təqribən 500 milyon dolları “SOCAR Polymer” layihəsinə yönəldilib. "Onu da qeyd edim ki, layihənin inşasının gedişatından çox məmnunuq və pullarımımzın düzgün sərmaye qoyulduğundan şübhəmiz yoxdur".
Qeyd edək ki, ötən il “Qazprombank” Azərbaycanda qaz emalı zavodunun inşası ilə bağlı müqavilə bağlayıb. A. Kaznaçeyev bildirib ki, hazırda layihənin maliyyələşdirilməsi üçün sənədləşmə işləri aparılır. Bunun üçün 3 bank maliyyə müşaviri olmağa namizəd seçilib.
"Çin partnyorlarımızla da məsləhətlər gedir, çünki maliyyələşdirmənin əsas hissəsini məhz onlar reallaşdıracaqlar. Bundan başqa, layihə ixracyönümlü olduğundan çinlilər əsas istehlakçı kimi nəzərdə tutulur".
“Qazprombank” Azərbaycan üçün limit tətbiq edib – 2 milyard dollar. Adışəkilən layihələrdə bankın iştırakı bu çərçivədə həyata keçiriləcək.