Son bir neçə ayda Azərbaycanda manat qıtlığı problemi daha da qabarmağa başlayıb. Bu isə real iqtisadiyyata böyük ziyan verə bilər. Fins.az-ın məlumatına görə, iqtisadçılar bu problemlə bağlı artıq narahatlıqlarını biruzə verirlər. Xüsusilə də yaranan vəziyyətin ölkədə biznesə böyük zərbə vura biləcəyini bildirirlər.
Vüqar Bayramov: “Manat bazasının məhdudlaşdırılması qısa müddətli olmalıdır”
İqtisadçı-ekspert Vüqar Bayramov fins.az-a deyib ki, Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. Onun sözlərinə görə, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə alsaq, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb. Nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısa müddətli dövr üçün nəzərdə tutulan siyasət olmalıdır. Yəni, Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edilə bilsin.
Əkrəm Həsənov: “Mərkəzi Bank bunu ona görə edib ki, əhalidən dolları ucuz alsın”
İqtisadçı-ekspert Əkrəm Həsənov fins.az-a bildirib ki, dollar alış-verişində ikinci valyuta da var və o manatdır. İstənilən əmtəənin sayı azalanda, qiyməti qalxmalıdır. Milli valyuta azaldığı üçün dollar ucuzlaşır. Son vaxtlar görürük ki, Mərkəzi Bank depozit auksionları keçirir. Yəni banklarda olan vəsaitləri də əmanətə cəlb edir, banklara 14 faizlik gəlir verir. Banklar devalvasiya və böhrandan qorxduqları üçün o pulu kredit şəklində sahibkarlara və vətəndaşlara vermirlər. Yəni, Mərkəzi Bankın buraxdığı vəsaitlərin, azalan vəsaitlərin də xeyli hissəsi elə Mərkəzi Bankdadır. Dollar alanların sayının azalması da elə manat qıtlığı ilə bağlıdır. Digər bir məsələ isə odur ki, son illərdə dollar ehtiyatı toplayanlara hansısa məhsulu almaq üçün manat lazım olur və o dollarları dəyişməlidir. Onlar dollar satanda da Mərkəzi Bank qazanır. Elə Mərkəzi Bank bunu ona görə edib ki, əhalidən dolları ucuz alsın. Mərkəzi Bank ilin əvvəlində dolları hamıya baha satdı ki, sonradan ucuz şəkildə geriyə alsın. Amma bu çox davam edə bilməz: “Çünki iqtisadiyyata pul lazımdır. Xeyli planlar var, islahatlar aparılmalıdır. Hətta bunlar olmasa belə, iqtisadiyyatın normal şəkildə fəaliyyətinə pul lazımdır. İndi bəzi dövlət orqanları var ki, aylardır əmək haqqı vermirlər. Çünki pul yoxdur. Bu dəqiqə ödəniş sistemi iflic olub”.
Rəşad Həsənov: “Manatla bağlı “qızıl tarazlıq” yaradılmalıdır”
İqtisadçı-ekspert Rəşad Həsənov fins.az-a isə bildirib ki, hazırda iki hədəfə- məzənnə və infilyasiya hədəfinə nail olmağa cəhd göstərilir. Bunun üçün bir mənalı olaraq manat kütləsini məhdudlaşdırmaq, kreditləri dayandırmaq, pul əlçatanlığını aşağı salmaq doğru deyil. O, manatla bağlı “qızıl tarazlığ”ın yaradılmasına ehtiyac olduğunu bildirib: “İqtisadiyyatda hər bir məsələdə “qızıl tarazlığa” riayət olunmalıdır. Hökumət bütün məsələlərdə bunu tapmağa cəhd göstərməlidir. Düşünürəm ki, manat kütləsini indiki kimi mədudlaşdırıb, birmənalı şəkildə biznesi boğmaq düzgün deyil”.
Ekspert bununla belə hesab edir ki, prosesi həddən artıq yumşaldaraq, yumşaq pul siyasəti həyata keçirib infilyasiya və məzənnəni nəzarət olunmayan səviyyəyə məruz qoymaq da arzuolunan deyil: “Təəssüf doğuran məqam odur ki, Azərbaycanda real iqtisadiyyat o qədər zəifdir ki, yəni real iqtisadiyyata manat kütləsinin genişləndirilməsindən başqa adekvat reaksiya gəlmir.Bu da digər mənfi faktorları neytrallaşdırılmasında kifayət etmir”.
“Manat qıtlığının mənfi təsirləri artıq hiss edilməyə başlayıb”
R.Həsənov bildirib ki, artıq sərt pul-kredit siyasətinin mənfi nəticələri özünü göstərməyə başlayıb. Belə ki, pul kütləsinin azaldılması siyasəti əvvəlcə istehlak gücünü, daha sonra biznes aktivliyinin aşağı salır. Xüsusilə də, Azərbaycanda yerli istehsalın 90% hallarda yerli istehlaka hədəfləndiyi nəzərə alsaq vəziyyət daha çətindir: “Burada kimsə nəsə istehsal edib birbaşa Rusiyaya, Türkiyəyə aparmır, yəni daha çox Azərbaycanda satır. Azərbaycan istehlakçısının alıcılıq gücü yoxdursa, bu o deməkdir ki, yerli istehlakçıya hədəflənmiş yerli istehsal da azalmağa başlayır”. R.Həsənovun sözlərinə görə bu da özü özlüyündə işsizlik problemini qabardır: “İşsizlik problemi ilə insanların gəlirləri və digər sosial göstəriciləri mənfiyə doğru dəyişir. Silsilə effekti yaradaraq hər yerdə hiss olunur”.