30 Oktyabr

Bank-tədarükçü-fermer üçbucağı – QAZANMAQ ÜÇÜN MƏSLƏHƏTLƏR

2015-2016-cı illər həm də ölkədə iqtisadiyyata yeni baxış və yanaşma ilə yadda qaldı. Nisbətən diqqət mərkəzindən kənarda qalan bir çox sahələr prioritet inkişaf istiqamətlərinə çevrilməyə başladı. Fins.az bu sahələr üzrə Maliyyəçi-ekspert Elman Sadıqovun fikirlərini təqdim edir.
Problemin özünün üzərində deyil, problemin həlli yolları üzərində düşünməyə üstünlük verdiyim üçün, təhlil və araşdırmalarımda bu prinsipi özümə prioritet seçdiyim üçün bu gün aktual və vacib olan bir məsələ haqqında təcrübə, tədqiqat və araşdırmalarım nəticəsində formalaşmış düşüncələrimi, o cümlədən indiyə qədər bu mövzu ilə əlaqədar söylədiyim bəzi fikirləri də əlavə edərək kənd təsərrüfatının maliyyələşdirilməsi, kənd təsərrüfatı və maliyyə sahələrinin qarşılıqlı əlaqələri ilə bağlı rəy və təkliflərimi qeyd etmək istərdim.
Müxtəlif ölkələrdə kənd təsərrüfatının inkişafı, maliyyələşdirilməsi sahəsində apardığım tədqiqatlar, araşdırmalar, o cümlədən 2000-ci illərdə kənd təsərrüfatı sahələrinin maliyyələşdirilməsi ilə əlaqəli həyata keçirilən müxtəlif layihələrin rəhbəri kimi əldə etdiyim təcrübələr aşağıdakıları qeyd etməyə əsas verir:
- kənd təsərrüfatı ağır, zəhmət tələb edən, spesifik, səhvi bağışlamayan və həm də asan gəliri olmayan bir sahədir;
- spesifik xüsusiyyətlərə malik olduğu üçün spesifik maliyyələşdirmə tələb edən bir sahədir. İnşaat, ticarət, sənaye sahələrinin maliyyələşdirilməsi zamanı tətbiq olunan şərt və tələblər, prosedurlar bu sahə üçün keçərli deyildir;
- kənd təsərrüfatının sahələri də fərqli maliyyələşdirmə şərtləri tələb edir. Məsələn, taxıl, arpa, qarğıdalı, şəkər çuğunduru üçün tətbiq olunan maliyyələşmə şərtlərini bağçılıq üçün tətbiq etmək olmaz. Və yaxud, heyvandarlıq sahəsi tam başqa cür maliyyələşdirmə tələb edir, quşçuluq tam başqa. Əlavə olaraq, vəsaitin geri ödəniş müddətləri də fərqli olur;
- kənd təsərrüfatı maliyyələşmədə həm vaxt, həm kəmiyyət, həm də keyfiyyət baxımından həssas sahədir. Məsələn, tikintidə betonu bu gün deyil, 15 gün sonra da töksəniz, tikintinin keyfiyyətinə təsir etməz. Amma, əkini 15 gün gecikdirsəniz məhsuldarlığınız ya düşər, ya da olmaya bilər. Torpağın keyfiyyəti aşağı olarsa, yüksək məhsuldarlıq ola bilməz. Vaxtında qulluq olmasa, gübrə olmasa məhsul bata bilər. Tikinti və digər sahələr bu qədər həssas deyil;
- kənd təsərrüfatı diletant yanaşmanı sevmir;
- kənd təsərrüfatı sahəsinin özündə ciddi kadr çatışmazlığı vardır;
- kənd təsərrüfatı sahəsində insan amili riski daha yüksəkdir;
- bütün bunlara əlavə olaraq, kənd təsərrüfatı həm də havadan, iqlimdən asılı bir vəziyyətdədir ki, bunun da yeganə çıxış yolu mükəmməl və peşəkar sığorta sistminin tətbiqidir. Bu isə tam başqa mövzudur.
Bütün bunları diqqətə aldıqda kənd təsərrüfatı sahəsinin maliyyələşməsinin obyektiv və peşəkar yanaşma, operativlik, doğru zamanlama və sair amilləri daha çox tələb etdiyini görürük. Bu səbəbdən, kənd təsərrüfatı sahəsinin maliyyələşməsi həyata keçirilərkən burada qeyd etdiklərim amillərin hər hansı biri nəzərə alınmazsa maliyyənin effekti minimuma enər.
Öncəki müsahibə və məqalələrimdə kənd təsərrüfatı sahəsinin inkişaf mərhələlərini qeyd etmişdim. Birinci mərhələ, ilkin məhsul (xammal) istehsalıdır. Məsələn, buğda əkini və biçini. İkinci mərhələ, yarımfabrikat məhsulun əldə olunmasıdır (buğdadan unun alınması). Üçüncü mərhələ hazır son məhsulun əldə olunmasıdır (undan çörək bişirilməsi). Pambıq sahəsində isə bu mərhələlərin sayı 5-ə çatır (əkin-biçin, pambıqdan mahlıc, mahlıcdan ip, ipdən parça və parçadan son məhsul (köynək və sair); Hər bir məhsulun hər bir mərhələsi ayrıca bir emal, sənaye sahəsidir. Maliyyələşmə zamanı da hər bir mərhələnin xüsusiyyətləri nəzərə alınaraq, həmin mərhələnin tələblərini ödəyəcək prosedur və şərtlər tətbiq olunmalıdır. Bu məqalənin mövzusu yalnız birinci mərhələnin maliyyələşməsidir.
Onu da qeyd edim ki, yaxın günlərdə işıq üzü görəcək jurnalların birində yazdığım məqaləmdə məhz yuxarıdakı bütün qeyd olunanları nəzərə alaraq kənd təsərrüfatı sahəsi də daxil olmaqla banklar arasında müxtəlif sahələr üzrə ixtisaslaşmanın vacibliyini qeyd etmişəm.
İndi isə, maliyyələşmə mexanizmləri ilə bağlı növbəti həftə daha geniş bir müsahibəm olacağı və bu, daha geniş mövzu olduğu üçün maliyyələşmə mexanizmlərinə qısaca olaraq toxunacam.
Kənd təsərrüfatı sahəsində maliyyələşdirmə zamanı hələ 2000-ci illərin əvvəllərindən etibarən tətbiq olunmasını vacib hesab etdiyim "project management" (layihənin idarə olunması) mexanizminin tətbiqi daha effektiv olar. Burada layihənin öncədən təsdiqi, vəsaitin tranşlarla verilməsi, vəsaitin fermerə deyil, fermerin mal və xidmət aldığı istiqamətlərə bank tərəfindən köçürülməsi (məsələn, gübrə alışı, toxum alışı və sair) əhatə olunur, hər etapdan sonra monitorinq keçirilir və sair. Lakin, burada xırdalığına qədər hər şey köçürmə ilə olmalıdır, nağd ödəniş olmaz yanaşması mümkün deyildir. Ümumiyyətlə, bütün dünyada kənd təsərrüfatı sahəsində bu yanaşma tətbiq olunmur. Nağdsız ödənişlərlə bağlı Qanunda da bu amilin nəzərə alınması doğru olmuşdur.
Digər bir yanaşma bank-tədarükçü-fermer üçbucağının qurulmasıdır ki, bu da iri tədarükçüsü olan şəkər çuğunduru, pambıq, tütün, barama və digər məhsullar üzrə tətbiq oluna bilər. Qeyd edim ki, bu mexanizm daha böyük bir uğurla şəkər çuğunduru sahəsində ilk dəfə 2005-2006-cı illərdə tətbiq olunmuşdur və bank tərəfdən də layihənin rəhbəri kimi qazandığım təcrübələr mənim üçün çox qiymətli olmuşdur.
Burada bank üçün risklər minimuma enir. Həm alıcı var, həm layihəyə tədarükçü firma ilə bağlanmış müqavilədən asılı olaraq tədarükçü firma nəzarət və monitorinq edir, həm də peşəkarlıq səviyyəsi artır. Digər sahələrdə də sonralar buna oxşar layihələr tətbiq olunmuş, lakin ilk baxışda önəmli hesab edilməyən bir sıra səhvlər buraxılmış, risk amilləri nəzərə alınmamış, bu səbəbdən bəzi hallarda effektivlik aşağı, itki yüksək olmuşdur.
Digər bir maraqlı maliyyələşmə mexanizmi vardır ki, hələlik ölkəmizdə tətbiq olunmur. Bu da kənd təsərrüfatı sahəsində ailə və fərdlərin özünüməşğulluğuna xidmət edəcək maliyyələşmədir. Həm özünüməşğulluq, həm də kənd təsərrüfatı sahəsində kiçik təsərrüfatların yaranması üçün vacib mexanizmdir. Bu mexanizm daha çox maldarlıq və quşçuluq sahələrində tətbiq olunur. Çox incə, spesifik və risk amilləri aşağı olan mexanizmdir.
Başqa bir mexanizm isə istilikxanaların maliyyələşdirilməsi zamanı tətbiq oluna bilər. Bu da payçılıq mexanizmidir. Bank istilikxananın tikintisində və istifadəsində payçı olur. Bu sahədə yüksək ixtisaslı əməkdaşı da layihəyə cəlb etmək imkanı olan bankın layihəyə daha peşəkar nəzarət imkanı da olur.
Son olaraq qeyd edim ki, zənnimcə, yalnız kənd təsərrüfatı sahəsinin deyil, digər sahələrin də maliyyələşdirmə mexanizmlərinin dəyişməsinə, yeni yanaşmaya, bankın layihələrdə daha yaxından iştirakına daha çox ehtiyacın olduğu qaçılmazdır. Payçılıq, bankların birbaşa investisiya etməsinə qoyulan qadağaların bankları risklərdən qorumağa xidmət edəcəyi düşünülürdü. Lakin, bankların layihələrdə birbaşa iştirak etməmələri nəzarətsizliklə, nəzarətsizlik isə itkilərlə nəticələnir. Bununla bağlı düşündürücü bir faktı qeyd edim ki, indiyə qədər islam bankçılığı ilə məşğul olan banklar hətta böhranlar zamanı batmamışlar. Birbaşa investisiya deyil, portfel investisiyası ilə (qiymətli kağızlar vasitəsilə) məşğul olan ən böyük investisiya fond və bankları isə (Lehman Brothers, Fannie Mae, Freddie Mac və sair) iflas olmuşlar. 2008-ci ilin maliyyə böhranını uzun müddət, daha ətraflı araşdırmam səbəbindən orada olmuş digər spesifik məsələləri istisna etmirəm, sadəcə buranın mövzusu olmadığı üçün qeyd etməyim həm də vaxt itkisi olardı). Bu səbəbdən zənnimcə, bank qanunvericiliyində müvafiq düzəlişlərə də ehtiyac vardır. Sadə və bəsit olan birdəfəlik kreditləşmə dövranı geridə qalmışdır. Bundan sonra köhnə mexanizmin geniş tətbiqi zənnimcə 3-4 il sonra yeni problemlərin, riklərin meydana gəlməsinə səbəb ola bilər.