2017-ci ilin fevralında Azərbaycanda bank müştərilərinin və hesablarının sayı artıb. Fins.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, həmin tarixə bank müştərilərinin ümumi sayı 5 milyon 494 min 376 nəfər olub.
Bu ilin ilk ayında isə bu rəqəm 5 milyon 416 min 222 nəfər təşkil edib. 2016-cı ilin fevralında isə banklarda 5 milyon 481 min 30 nəfər müştəri olub.
Bu ilin fevralında bank xidmətlərindən istifadə edənlərdən 5 milyon 421 min 681 nəfəri fiziki şəxs, 72 min 695-ü hüquqi şəxs, 189 min 673-ü isə sahibkarlıqla məşğul olan şəxslər olub.
Qeyd edək ki, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 2016-cı ilin yanvar ayında bank xidmətlərindən istifadə edən hüquqi şəxslərin sayı kəskin azalıb. Bu azalma ötən ilin digər aylarında da müşahidə edilib. İlin sonunda onların sayı 69 min 993 olub. Bu ilin yanvarında hüquqi şəxslərin sayı artmağa başlayıb.
Fevralda müştərilərin bank hesabları da artaraq 15 milyon 376 min 66-ya çatıb. Yanvarda isə bu rəqəm 15 milyon 223 min 269 olub. Bank hesablarının sayının pik həddi 2015-ci ilin noyabr ayında müşahidə edilib. Həmin vaxt onların sayı 16 milyon 097 min 280 olub.
2017-ci ilin fevralında istifadə edilən bank hesablarının 12 milyon 700 min 124-ü cari hesabların payına düşüb. Bunun 12 milyon 565 min 256-sı fiziki şəxslərə, 188 min 736-sı sahibkarlıqla məşğul olanlara, 134 min 643-ü isə hüquqi şəxslərə məxsus olub.
Banklardakı cari hesabların sayında da artım müşahidə edilir. Belə ki, bu ilin yanvar ayında onların ümumi sayı 12 milyon 555 min 914 olub.
Banklarda açılan kredit hesabları da artıb. Əgər bu ilin yanvarında onların sayı 2 milyon 286 min 795 idisə, fevralda bu rəqəm 2 milyon 291 min 813 olub.
Depozit hesabları isə yanvar ayı ilə müqayisədə təxminən 3 500 ədəd artaraq fevralda 384 min 129-a çatıb.
Qeyd edək ki, bank müştərilərinin və hesablarının sayının artması nağdsız hesablaşmalara keçidlə bağlıdır. Artıq bir şox şirkətlər işçilərinin əmək haqlarını və digər ödənişləri nağdsiz reallaşdırmaq üçün onlara hesablara açıblar. Sahibkarlar 1%-lik nağdlaşdırma vergisindən yan keçmək üçün bu cür ödənişlərə üstünlük verirlər.