30 Oktyabr

Daha bir bank rübü mənfəətlə başa vurdu

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha biri 2017-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub. Fins.az xəbər verir ki, “Bank Respublika” ASC ilk 3 ayın nəticələrinə görə 2 milyon 213 min manat əməliyyat mənfəəti əldə edib.

Bu ilin yanvar-mart aylarında bankın cəmi gəlirləri 15 milyon 178 min manat, o cümlədən faiz gəlirləri 7 milyon 931 min manat, qeyri-faiz gəlirləri 7 milyon 247 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yanvar-mart dövründə "Bank Respublika"nın cəmi gəlirləri 17 milyon 847 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 928 min manat, qeyri-faiz gəlirləri 5 milyon 919 min manat təşkil etmişdi.

2017-ci ilin I rübündə bankın cəmi aktivləri 881 milyon 240 min manat, öhdəlikləri isə 841 milyon 761 min manat olub. 2016-cı ilin sonunda isə bankın 912 milyon 117 min manat cəmi aktivləri və 871 milyon 793 min manat cəmi öhdəlikləri var idi. İlk rübdə müştərilərə verilən kreditlərin həcmi isə 281 milyon 158 min manatdan 249 milyon 108 min manata enib.

Bu ilin yanvar-mart aylarında "Bank Respublika"nın cəmi xərcləri 12 milyon 966 min manat təşkil edib. Bankın rüb üzrə əməliyyat mənfəəti isə 2 milyon 213 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 705 min manat ayırdığından, bank ilk rübü 492 min manat zərərlə başa vurub.

ŞİRKƏTLƏRİN BANKA ETİBARI ARTIB

Diqqəti cəlb edən Bank Respublikada hüquqi şəxslərin depozitlərinin artmasıdır. Ötən ilin sonu ilə müqayisədə 14,4% artaraq 361 milyon 855 min manatdan 413 milyon 708 min manata qalxıb. Sözügedən dövrdə fiziki şəxslərin əmanətləri isə 189 milyon 961 min manatdan 176 milyon 820 min manata düşüb.