Xəbər verdiyimiz kimi, 16 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd sənədsiz, təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti təsdiq edilmişdi. Lakin istiqrazların yerləşdirilməsi indiyə qədər baş tutmamışdır.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirdi ki, istiqrazların yerləşdirilməsindən imtinanın əsas səbəbi Bankda likvidliyin artmasıdır:
“Müştərilərin qalıqlarının kəskin artması Bankın likvidliyini artırmışdır. Belə bir qərara gəldik ki, istiqrazların buraxılışını təxirə salaq. Təlabat yarandığı halda bu alətdən istifadə edəcəyik”.
“PAŞA Bank” istiqraz buraxılışı yolu ilə cəlb edəcəyi 50 milyon manatı korporativ müştərilərinin qısamüddətli dövriyyə vəsaitlərinə olan tələbatının ödənilməsinə yönəltməyi nəzərdə tuturdu.
Əlavə edək ki, 2016-cı ildə müştərilərin "PAŞA Bank"dakı vəsaitləri təxminən 1 milyard manata yaxın artaraq 1 milyard 374 milyon manatdan 2 milyard 350 milyon manata qalxmışdır.
© Marja