30 Oktyabr

"Azərbaycanda "Eximbank"ın qurulmasının vaxtı çatıb"

"Bu gün Azərbaycanın inşaat sektorunun canlanmasına ehtiyac var". Bunu bu gün Bakıda ümumi yığıncağının iclası keçirilən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) İdarə Heyətinin sədri Ali İhsan Genç deyib.

Fins.az-ın verdiyi xəbərə görə, sədr qeyd edib ki, Azərbaycanda evsiz insanların sayı getdikcə artır: "Təəssüf ki, bu gün tikinti sektorunda canlanma yoxdur. Texnikalar park edilmiş vəziyyətdədir. Hesablamalarımıza görə, bu gün 250-300 min evə ehtiyac var. Bəzi evlərdə bir neçə ailə yaşayır".

"Əgər 2013-2014-cü illərdə ölkədə 5,3 mln. ton sement istehlakı edilirdisə, ötən il bu rəqəm 2,2 mln. tona düşüb", - deyə TÜİB başçısı əlavə edib.

A.İ.Gençin sözlərinə görə, bu gün Azərbaycanda ixrac-idxal bankının (Eximbank) qurulmasına ehtiyac yaranıb: "Bu gün ixrac mallarının istehsalının maliyyələşdirilməsinə ehtiyac var. Düşünürəm ki, bu baxımdan "Eximbank"ın qurulmasının vaxtı çatıb".

Mənbə: Report.az