«Ziraat Bank Azərbaycan» manatla türk lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdirir. Fins.az xəbər verir ki, bunu "İş dünyamız" jurnalına müsahibəsində «Ziraat Bank Azərbaycan» ASC-nin İdarə Heyətinin sədri Avni Dəmirçi deyib.
Bildirib ki, bank Azərbaycan və Türkiyə arasındakı hesablaşmalarda və ticarət dövriyyəsində dollardan imtina olunmasına dəstək verir:
"İnsanlar bizə manatlarını gətirdikləri zaman, onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. Yəni,hər şeyi dövlətdən gözləmək lazım deyil".
Bank rəhbəri 2016-cı ildə 5 milyon türk lirəsi həcmində manat-lirə ticarəti etdiklərini deyib.
"Bu il daha da artırmaq niyyətindəyik, amma nə qədər tələbat olacaqsa etməyə hazırıq. "Ziraat"ın baş ofisi də bu məsələdə bizə dəstəkdir. İndi isə iki ölkənin mərkəzi banklarının da bu prosesə qoşulub «svop» anlaşmaları edərək qarşılıqlı dəyişimlərə başlaması lazımdır".
A.Dəmirçi dollardan imtina edilməsinin sahibkarlar üçün sərfəli olduğunu vurğulayıb:
"Tutaq ki, Azərbaycandan bir iş adamı Türkiyədən mal almaq istəyir, amma əlində manatı var. İndi proses belədir: mal alınması üçün müqavilə dollar və ya avroda bağlanır, iş adamı burada manatını dollara çevirir və valyuta mübadiləsindən bir qədər itirir, oradan gedir Türkiyəyə və dollarını türk lirəsinə çevirərək bir dəfə də orada itirir. Yəni, bu üsul, ilk növbədə, vəsait itkisi ilə nəticələnir. Digər problem bu mübadilələrin vaxt itkisinə səbəb olmasıdır. Bizim sistemdə isə üçüncü ölkənin puluna ehtiyac olmadan öz pullarımızı birbaşa dəyişirik".