“Biz bazara daxil olanda ardıcıl iki devalvasiya baş verdi və bunların bizə də təsiri oldu. Amma bizim bir fərqimiz var – daha düzgün analiz etməyi bacarırıq”.
Fins.az xəbər verir ki, bunu “Ziraat Bank Azərbaycan» ASC-nin İdarə Heyətinin sədri Avni Dəmirçi “İş dünyamız” jurnalına müsabihəsində deyib. Bildirib ki, bank kredit verənkən firmaların kredit qaytarma qabiliyyətini ölçür.
“Biz sadəcə təminatı və ya gəliri əsas götürmürük. Bu məsələni 3 ayaqla həll edirik – birinci, kreditin məqsədi olmalıdır, ikincisi, kredit qaytarmaq üçün gəlir olmalıdır, üçüncüsü, kreditin təminatı olmalıdır. Yalnız bu halda kredit veririk”.
Bundan başqa “Ziraat Bank Azərbaycan” bir kredit reytinqi sistemi qurub. Bu barədə danışan A.Dəmirçi qeyd edib ki, şirkətləri kreditə uyğun olub-olmadığına görə A, B və C kimi qruplaşdırırlar. Bu qruplara daxil olan şirkətlərin kredit qabiliyyətləri fərqli olduğuna görə, onlara verilən kreditlərin şərtləri də fərqli olur.
“Yəni, C qrupundakı firmanın krediti A reytinqlə şirkətin kreditindən daha bahalıdır. Çünki onlarda risklər daha yüksəkdir. Biz kredit verəcəyimiz firmanı, onun sahibini, bütün məlumatları dəqiq araşdırırıq. Ola bilər ki, hər şey yerindədir, amma onun sahibi işi bilmirsə, o bizim üçün mənfi siqnaldır. Bir neçə amil üst-üstə düşməlidir ki, kredit verilməsi mümkün olsun”.
Bank rəhbəri bu təcrübəni digər banklarla bölüşməyə hazır olduqlarını deyib.
“Kaş bütün banklar belə çalışsınlar ki, «çürük», arxasında heç nə olmayan firmalar, heç bir reytinqi və kredit ödəmə qabiliyyəti olmayan firmalar üzə çıxardı. İqtisadiyyatda nağd ödənişlər böyük olduğundan firmalardakı dəqiq vəziyyəti görmək asan deyildi”.
2017-ci ilin əvvəlindən isə nağd ödənişlərin məhdudlaşdırılması, bütün ödənişlərin banklar vasitəsilə aparılması vəziyyəti dəyişib. İndi banklar firmaların real dövriyyələrini daha dəqiq görə bilirlər.
A.Dəmirçi bildirib ki, indiyədək banklar firmalar barədə məlumatı yalnız onun sahibindən alırdı. “İndi isə bütün dövriyyə bankdan keçdiyinə görə, hər şeyi görə bilirik. Və onların dövlətə verdiyi vergi bəyannaməsi bizim üçün kifayət edəcək”.
Bankir Azərbaycanın bank sistemində gedən proseslər və sistemdəki yeniliklərə də toxunub:
“Bankçılıq bir sərmayənin bir işə yatırılmasıdır. İnsanların banklara yatırdığı pullar və bankların verdiyi kreditlər onların aktiv-passiv sistemini formalaşdırır. Bu balans pozulanda bankların sağlamlaşma problemləri yaranır”.
Devalvasiyadan sonra valyutanın bahalaşmasından ortaya çıxan kapital qıtlığı və kreditlərin qaytarılmasında yaranan problemlər bankları çox çətin duruma salıb. A.Dəmirçinin sözlərinə görə, nəticədə banklar öz kapitallarını xərcləməyə başladılar və onların kapitalı 50 milyon manatlıq tələbdən aşağı düşdü.
“Belə vəziyyətdə ya banka yeni sərmayəçi cəlb olunmalı idi, ya da kənardan pul tapılmalı idi. Bu da baş verməyəndə dövlət tədbir görür – lisenziyanı geri alır. Bunun nəticəsində bank sistemi sağlamlaşır, daha sağlam və etibarlı hala gəlir”.