30 Oktyabr

“Bank Standard”ın kreditorlarından ADİF qarşısında – 5 TƏLƏB

“Bank Standard”ın Kreditorlar Komitəsi aktiv fəaliyyətə başlayıb. Komitənin ikinci iclasında tanınmış hüquqşünas Əkrəm Həsənov Komitə sədri seçilib. Bu barədə Fins.az-a Əkrəm Həsənov özü məlumat verib.

Bildirib ki, iclasda Komitənin Əsasnaməsi və iş planı müzakirə edilib. Qərara alınıb ki, növbəti iclasadək hamı Əsasnamə ilə bağlı təkliflərini təqdim etsin və onlar müzakirə edilsin. Komitə eyni zamanda Əmanətlərin Sığortalanması Fondundan bankla bağlı bəzi məlumatların və sənədlərin Komitəyə təqdim edilməsi ilə bağlı müraciət edib.

Ə.Həsənov deyib ki, bankın əmlak vəziyyətinə dair hesabat (o cümlədən indiyədək yığılmış vəsait və mövcud əmlakın necə satılacağı), bankın kredit portfeli haqda tam məlumat (hər bir kreditin təfərrüatı ilə), kreditorların hər bir növbəsi üzrə tələblər haqda məlumat, o cümlədən Fondun çəkdiyi xərclər (məsələn, audit şirkətinə və s.), bankın işçilərinə, dövlətə və Mərkəzi Banka olan borc, sonuncu növbədəki kreditorların növü və tələblərinin həcmi üzrə təsnifatı ,son 10 ildə bankın Mərkəzi Bank tərəfindən yoxlanılması haqda sənədlər və son 10 il üzrə bankın hesabatları (kənar auditorun rəyi ilə) Fonddan tələb edilib.

Komitə sədri eyni zamanda Komitənin nümayəndəsinin bankın ləğvi ilə bağlı məhkəmə prosesində iştirak etməsi ilə bağlı ADİF-ə müraciət edib: “Bir sözlə, Komitə tam məlumatlı olmaq istəyir”.
Əkrəm Həsənov tövsiyyə edir ki, digər müflis bankların da Kreditorlar Komitəsi eyni şəkildə hərəkət etsin.