30 Oktyabr

Bankların valyuta hərracına marağı azalıb – TƏFƏRRÜATLAR

Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.02 qəpik bahalaşaraq 1.7026 AZN/USD səviyyəsində formalaşıb. Fins.az-ın ekslüziv olaraq əldə etdiyi məlumata görə, hərraca çıxarılan 35 milyon dollardan 8 milyon 300 min dolları satılmayıb. Yəni, ümumi məbləğin 26 milyon 700 min dolları satılıb.
Məlumata görə, hərracda cəmi 3 sifariş qəbul olunub. Sifarişlərin qiyməti müvafiq olaraq 1.7030, 1.7024 və 1.7027 AZN/USD olub.
Burada maraqlı sual meydana çıxır. Nədən bankların valyuta hərracına marağı azalıb?
Mənbənin məlumatına görə, hərracda daha aşağı məzənnə ilə verilən sifarışlər ləğv edilir. Məhz bu məqam onları hərracdan çəkindirir. Banklar, məsələn, 1.6900 AZN/USD məzənnəsi ilə, yəni daha ucuz qiymətə banklararası ticarətdə ABŞ valyutasını ala bilərlər.
Xatırladağ ki, 2016-ci ilin avqustunda keçirilən valyuta hərracında tələb hətta 616 milyon dolları ötmüşdü. İndi isə nəinki tələb təklifi üstələmir, hətta məbləği tam satmağa bank tapılmır.