2017-ci ilin I rübündə bankların öhdəlikləri azalıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən xəbər verir ki, aprelin 1-dək banklarda olan depozitlərin ümumi məbləği 15,844.7 milyon manat təşkil edib. Bu il martın 1-dək bu göstərici 16.212 milyon manat olub.
Martda banklarda fiziki şəxslərin depozitlərinin ümumi məbləği 6.889.2 milyon manat olub. Fevralda isə bu rəqəm 7.084,3 milyon manat olub. Hüquqi şəxslərə məxsus depozitlər də azalaraq 8,955.5 milyon manata düşüb.
I rübdə bankların Mərkəzi Bank qarşısındakı öhdəlikləri də azalıb. Rübün sonuna Mərkəzi Bankın banklara qarşı tələbləri 857.4 miyon manat olub. Halbuki, fevralda bu rəqəm 865,5 milyon manat təşkil edib.
Maliyyə institutlarının depozitləri isə mart ayında artıb. Əgər fevralda bu göstərici 3 922,8 milyon manat idisə, martda 4,371.4 milyon manat olub.
Hesabat dövründə bankların götürdükləri kreditlərinin həcmi də azalıb. Aprelin 1-dək onların kreditlərinin ümumi həcmi 1,909.9 milyon manata çatıb. Halbuki, fevralda bu göstərici 2 035,3 milyon manat olub.
