Xəbər verdiyimiz kimi, ötən həftə “Bank Standard”ın Kreditorlar Komitəsinin iclası keçirilib və hüquqşünas Əkrəm Həsənov sədr seçilib. Fins.az-ın məlumatına görə, Komitə sədri bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət edərək bankın əmlak vəziyyətinə və verdiyi kreditlərə dair məlumatların təqdim edilməsini xahiş edib:
"Fond həmin bankın ləğvedicisidir: yəni bankın əmlakını satmalı, verdiyi kreditləri qaytarmalı və bunun müqabilində bankda vəsaiti qalanların pulunu ödəməlidir. Lakin artıq indidən Fond bəyan edir ki, bankın əmlakı və qaytarılası kreditləri heç Fondun öz tələblərinin (sığortalanmış əmanətlərin kompensasiyası üzrə) ödənilməsinə kifayət etməyəcək. Faktiki olaraq bankın kreditorlarına deyirlər ki, pulunuz batdı!"
Bəs belə şəraitdə nə etmək lazımdır? Məsələyə aydınlıq gətirən hüquqşünas bildirib ki, ilk növbədə Komitə özü tam məlumatlı olmalıdır.
"Heç bir dövlət qurumu, heç bir Fond kreditorlar qədər bu işə can yandırmayacaq. Məhz buna görə bu həftənin əvvəlində Fonda Komitənin adından ünvanladığım müraciətdə (dərc edirəm) aşağıdakı məlumat və sənədlərin təqdim edilməsini xahiş etdim:
1. Bankın əmlak vəziyyətinə dair hesabat (o cümlədən mövcud əmlakın necə satılacağı barədə məlumat). Həmin hesabat rübdə bir dəfə tərtib edilməli və kreditorlara təqdim edilməlidir. Yəni kreditorlar bankın olan-qalan əmlakı barədə məlumatlı olmalıdır. Əslində, Fond bu məlumatı çoxdan könüllü açıqlamalı idi. Buna görə də Fonda təklif etmişəm ki, məlumatı saytında dərc etsin.
2. Bankın verdiyi kreditlər haqda tam məlumat. Kreditorlar pullarının kimlərə və necə kredit kimi verildiyini bilməlidir ki, qaytarılma prosesinə də səmərəli nəzarət edə bilsinlər. Burada hər hansı bank sirri yoxdur və bunu məktubumda əsaslandırmışam. İlkin mərhələdə heç olmasa borc alanların adını göstərmədən məlumatın təqdim edilməsini təklif etmişəm.
3. Kreditorların hər bir növbəsi üzrə tələblər haqda məlumat, o cümlədən Fondun çəkdiyi xərclər (məsələn, audit şirkətinə və s.), bankın işçilərinə, dövlətə və Mərkəzi Banka olan borc, sonuncu növbədəki kreditorların növü və tələblərinin həcmi üzrə təsnifatı və s. Kreditorlar toplanan vəsaitlərə kimlərin və hansı həcmdə tələbi olduğunu dəqiq bilməlidir ki, bölgüyə də səmərəli nəzarət edə bilsinlər. Kreditorlar haqda məlumatın bank sirri olduğunu nəzərə alaraq, heç olmasa adlarını göstərmədən məlumatın verilməsini xahiş etmişəm.
4. Son 10 ildə bankın Mərkəzi Bank və Palata tərəfindən yoxlanılması haqda sənədlər. Bankın acınacaqlı vəziyyəti üzərində nəzarətin qanunazidd aparıldığı ehtimalını yaradır. Sənədlərin təhlili bunu təsdiqləsə, kreditorlar bankda qalmış vəsaitlərini Mərkəzi Bankdan tələb edə bilər. Onu da nəzərə almaq lazımdır ki, Mərkəzi Bank və Palata Fondun Himayəçilik Şurasında təmsil olunur. Buna görə də Fondun bu məsələdə obyektiv ola bilməsi şübhə altındadır.
5. Son 10 il üzrə bankın maliyyə hesabatları (kənar auditorun rəyi ilə). Bankın vəziyyətinin təhlili bunsuz mümkün deyil. Əlavə olaraq Fondun sifarişi ilə “KPMG” audit şirkətinin və “BM Morrison Partners” hüquq şirkətinin rəylərinin də Komitəyə təqdim olunmasını xahiş etmişik.
6. Komitənin nümayəndəsinin bankın ləğvi ilə bağlı məhkəmə prosesində iştirak etməsini xahiş etmişik. Oktyabrdan bu tərəfə bankın heç kreditorlar siyahısı və ləğv planı belə məhkəmə tərəfindən hələlik təsdiq olunmayıb, halbuki qanuna görə çoxdan olmalı idi. Buna görə də Komitə bu prosesə də nəzarət etməlidir".
Xatırladaq ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası 24 may 2017-ci il, saat 15.00-da Fondun binasında keçiriləcək. Ə.Həsənov Fonddan sözügedən məlumat və sənədləri iclasdan azı 3 gün əvvəl təqdim etmələrini xahiş edib. Bildirib ki, bu, digər müflis olan bankların kreditorlarına da nümunə olmalıdır.