Məlumat verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycan Respublikası Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli fərmanının icrası çərçivəsində bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlandığını elan edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, bu mərhələdə bankın balansında qalan problemli aktivlərin dövlətə ötürülməsinin tamamlanması, öhdəliklərin restrukturizasiyası və törəmə bankların fəaliyyəti ilə bağlı strategiyanın müəyyən edilməsi nəzərdə tutulur.
Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində "Banklar haqqında" qanuna müvafiq qaydada dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş borcların müəyyən hissəsinin könüllü şəkildə birbaşa dövlətə ötürülməsi planlaşdırılır.
Bankın restrukturizasiya planı qanunvericiliyə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və Palata ölkənin ən iri bankı olan ABB-nin maliyyə vəziyyətinin sabitləşdirilməsi və onun dayanıqlığının təmin edilməsi baxımından bu planı məqbul hesab edir.
Palata vurğulayıb ki, restrukturizasiya planı yalnız bankın xarici kreditorları və dövlət qarşısındakı müəyyən öhdəliklərini əhatə edir. ABB-nin bütün digər öhdəlikləri, o cümlədən vətəndaşların, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlarına şamil edilmir. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.
Nəzarət orqanı olaraq Palata planın ardıcıl qaydada icrası və bankın müştərilərinin maraqlarının təmin edilməsini diqqət mərkəzində saxlayacaq.