30 Oktyabr

"Restrukturizasiya Bankın yerli öhdəliklərinə təsir etmir" - PALATA

“Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir". Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Bildirib ki, Beynəlxalq Bank maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır.
"Buna görə də biz Maliyyə Nazirliyinin bankın maliyyə vəziyyətini sabitləşdirmək və dayanıqlığını təmin etmək səylərini müsbət qarşılayırıq. Hesab edirik ki, bu addım təkcə bank üçün deyil, ümumilikdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır. Restrukturizasiya planı Bankın yerli hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklərinə heç bir halda təsir etmir".
R.Aslanlı qeyd edib ki, Palata Beynəlxalq Bankın kreditorlarının və əmanətçilərinin hüquqlarının pozulmamasına və vəsaitlərindən sərbəst şəkildə istifadə etmələrinə nəzarət edəcək.