Bu gün banklarda 100 milyonlarla vəsait toplanıb və investisiya alətləri axtarışındadırlar. May ayının 16-da keçirilən dövlət istiqrazları üzrə hərracda yüksək tələb nəticəsində gəlirlilik 14.49% təşkil edib. Bugünkü notlar üzrə hərrac zamanı isə gəlirlilik 12%-ə düşüb. “AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev fins.az bildirib ki, artıq investisiyaların real sektora hərəkəti sürətlənəcək. Yəni, banklar manat kreditləri üzrə faizləri aşağı salaraq şirkətləri kreditləşdirmək istiqamətinə baxmalıdırlar.
Real sektorda fəaliyyət göstərən şirkətlər üçün özümüzdəki 3-4 ay ərzində daha aşağı faizlə kredit götürmək imkanı yaranıb, lakin bu işdə şirkətlər tərəfindən operativ addımlar atılmalıdır. Xüsusilə yay dövründə qısamüddətli dövriyyə vəsaitinə ehtiyacı olan və ya dollar kreditlərini manat kreditləri ilə əvəzləmək istəyən şirkətlərə böyük şans yaranıb. 16-18%-lə manat krediti cəlb etmək bu dövrdə daha realdır.
Ən ucuz maliyyələşməni əldə etmək üçün nə etmək lazımdır?
İlk növbədə şirkətlər hansı müddətə və neçə faizlə vəsait cəlb etmək istədiklərini müəyyən etməlidirlər. Bu şərtləri və vəsaiti geri qaytarmaq imkanlarını da analiz edib bu barədə qısa biznes plan hazırlamalıdır.
Bu biznes planla bir investisiya şirkətinə yaxınlaşıb özünün müəyyən etdiyi şərtlərlə istiqrazlar buraxılmasını həyata keçirməlidir. İnvestisiya şirkəti bütün lazım olan prosesləri həyata keçirib istiqrazları buraxıb yerləşdirəcək və vəsaiti toplayıb şirkətə təqdim edəcək. Bunun üçün investisiya şirkətinin öhdəlik götürməklə anderraytinq xidmətindən istifadə edə bilər. Bu halda investisiya şirkəti bütün istiqrazları satmaq və ya sata bilmədiyi təqdirdə özü almaq öhdəliyi götürür, yəni şirkət yalnız lazım olan məlumatları verir və komissiya ödəyir.
Nə üçün kredit yox istiqrazlar?
-
Daha aşağı faizlə vəsait cəlb etmək. Şirkətə kredit vermək istəyənlər arasında rəqabət yaradıb faizləri aşağı sala bilərik. Bunun üçün bütün iştirakçıların olduğu açıq bazara çıxmaq lazımdır.
-
İstiqrazların buraxılması zamanı şərtlər şirkət tərəfindən müəyyən edilir və bir neçə bankla şərtləri müzakirə etmək üçün vaxt itkisi baş vermir.
-
İstiqrazlar konkret şərtlərlə bazara çıxdığı zaman banklar və sığortalar yaxud fərdi investorlar yalnız onu alıb almamaq barədə qərar verə bilər yəni şərtlərə heç bir əlavə edə bilməz.
-
İstiqrazlar daha likvid olduğu üçün yəni istədiyi zaman investor onu bazarda sata bildiyi üçün daha qısamüddətli investisiya qərarı verərək istiqrazları alır və satmaq istədiyi zaman digər qısamüddətli investisiya qərarı vermiş şəxslərə sata bilir. Yəni istiqrazlara investor yanaşması kreditdə olduğu kimi uzun müddətli olmaya da bilər. Xüsusilə də həmin istiqrazlar üzrə investisiya şirkəti market meyker kimi çıxış etdiyi zaman.
-
Şirkət bir neçə banka yox geniş investorlar kütləsinə çıxış imkanı əldə edir və onların etibarını zamanmaq şansını öz xeyrinə istifadə edib gələcəkdə daha aşağı faizlə istiqraz buraxa yaxud səhm emissiya edib (İPO) faizsiz vəsait cəlb edə bilər.
-
Şirkət istədiyi zaman istiqrazları özü geri alıb faiz xərclərini azalda bilər. Bunu hal hazırda kredit xətti almaqla etmiş şirkətlər təcrübədən keçiriblər.