Sabah mayın 31-də Bakı Fond Birjasında Mərkəzi Bankın 50 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Qeyd edək ki, 1 notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Xatırladaq ki, hərrac qaydalarına edilən son dəyişiklikdən sonra hər bir bankın təqdim etdiyi sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Mərkəzi Bankın qısa müddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər
Notların ödəmə tarixi 29 iyun 2017-ci ildir.