"1%-lik nağdlaşdırma ilə bağlı sadələşdirilmiş verginin hüquqi əsası yoxdur". Fins.az-ın məlumatına görə, bunu “Şəffaflıq Azərbaycan” təşkilatının və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə layihə kordinatoru Məhəmməd Muradov deyib. Digər tərəfdən, 1%-lik nağdlaşdırma vergisinin iqtisadi əsası yoxdur: “Fikrimizcə, sahibkar əgər gəlir əldə etmirsə, dəyər yaratmırsa, niyə ondan vergi tutulmalıdır?”
O bildirib ki, nağdlaşdırma ilə bağlı verginin tətbiqindən sonra yeni problemlər ortaya çıxıb. Fərdi sahibkar öz VÖEN hesabından şəxsi hesabına pul köçürə bilmir:” Qanunun mahiyyəti nağdsızlaşmanı təşkil etməkdir. Amma banklar bildirirlər ki, sən vəsaiti nağdlaşdır, 1%-lik vergini ver, sonra şəxsi hesabına qoy. Bu ona gətirib çıxarır ki, qanun öz məqsədinə xidmət etmir”.
“Şəffaflıq Azərbaycan”nın tövsiyəsi ondan ibarətdir ki, 1%-lik nağdlaşdırma vergisi ləğv edilsin: “Nağdlaşdırmanı qadağan qaydaların tətbiqindənsə nağdsız ödəmələrə stimullaşdırıcı qaydalar tətbiq edilməsi məqsədəuyğun olardı”.
M. Muradov nağdlaşdırma ilə bağlı qadağaların davam etdiriləcəyi təqdirdə 15-30 min manat limitindən sonra diferensiallaşdırılmış vergi tətbiq edilməsini təklif edir: “Məsələn, nağdlaşdırmanın həcmi 16 min manatdırsa, burada 1%-lik vergi 15 min manatdan sonrakı min manata tətbiq edilsin”.