Mayın sonunda “FitchRatings” beynəlxalq kredit reytinqi agentliyi PAŞA Bankın reytinqini aşağı saldı. Reytinq endiriminin əsl mahiyyətinin bazarda bəzi hallarda düzgün başa düşülmədiyini nəzərə alaraq, mövzunun şərh edilməsi üçün PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyevə müraciət etdik
-Bəhruz bəy, bu gün PAŞA Bank hansı kredit reytinqi agentliklərinin xidmətlərindən istifadə edir və reytinq nə üçün əldə edilir?
- Ölkənin ən iri banklarından biri olan PAŞA Bank dünyada tanınmış 3 reytinq agentliyinin 2-sinin –“Standard Poor's”un və “FitchRatings”in xidmətlərindən istifadə edir.Reytinqi əldə etməyimizin əsas səbəbi PAŞA Bankın xarici bazarlara çıxması və xarici kredit təşkilatları ilə əməkdaşlıq etməsidir. Bildiyimiz kimi, PAŞA Bankın Türkiyə və Gürcüstanda törəmə bankları fəaliyyət göstərir. Eyni zamanda, biz tez-tez beynəlxalq tədbirlərdə iştirak edirik və orada Bankımızı tanıtmağımız üçün reytinqin olması çox vacibdir. Biz xarici kredit təşkilatlarına öz hesabatlarımız, rəqəmlərimiz ilə nə qədər məlumat versək də, reytinqimizi dedikdə onlar Bankımız və onun kredit riski barədə daha tez məlumatlı olurlar. Reytinq maliyyə dünyasında ortaq “dildir”, hamı onu başa düşür. Reytinqlər beynəlxalq arenada bizi düzgün qiymətləndirilməyimizə kömək edir.
PAŞA Bank reytinqi agentliklərdən özü alır, bu ödənişli xidmətdir və hər iki agentliyin qiymətləndirmə meyarları bir-birindən fərqlənir. Ümumiyyətlə, agentliklər reytinq təyin etmək üçün bankın vəziyyəti ilə bərabər, ölkənin makro-iqtisadi və siyasi durumuna da baxırlar. Hal-hazırki vəziyyətdə “Standard Poor's” agentliyi PAŞA Bankın uzunmüddətli “BB-” kredit reytinqini dəyişməz olaraq saxlamışdır. “FitchRatings” agentliyi isə PAŞA Banka verdiyi reytinqi 2017-ci ilin iyun ayna qədər saxladığı “BB-” səviyyəsindn“B+” səviyyəsinə endirmişdir.
- “Fitch” agentliyi PAŞA Bankın uzunmüddətli emitent defoltu reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinə endirməsinə baxmayaraq, proqnozu “Stabil” kimi qiymətləndirilib. Nə üçün "Fitch" Bankın reytinqinə yenidən baxmaq ehtiyacı hiss etdi? Ümumiyyətlə, “B” və “BB”kateqoriyalı reytinq nəyi göstərir?
- Agentliyin reytinq cədvəlində bildirilir ki, “BB” kateqoriyanın açılışı “iqtisadi dəyişikliklərə daha çox meylli” deməkdir, “B” səviyyəsi isə emitentin kredit riskinin “Yüksək dərəcədə spekulyativ”, yəni, investisiya dərəcəsi dəyişkənliyi olduğuna işarə edir. Bildiyiniz kimi, PAŞA Holdinqə daxil olan banklar ölkənin ən iri banklarındandır və sırf PAŞA Bankın aktivləri artıq 3,2 milyard manat, depozit portfeli isə 2,7 milyard manatdır. Bu isə o deməkdir ki, reytinqini aşağı salınması Bankımızın mövcud maliyyə vəziyyəti ilə deyil, məhz makro-iqtisadi vəziyyətə mənfi təsir edə biləcəyi fərz edilən proseslər ilə bağlıdır.
Əvvəlcədən agentliklər reytinqin proqnozunu “Neqativ” təyin edərək gözləntilərinin mənfi olduğunu bildirmişdilər. “Azərbaycan Beynəlxalq Bankı”ın xarici borclarının restukturizasiyası planlarının açıqlaması, agentliyin ölkənin makro-iqtisadi vəziyyətinin qiymətləndirilməsinə təsir etdi, nəticədə bizim reytinqimizə yenidən baxılmaşına gətirib çıxardı.
Həmçinin “Fitch”qeyd edir ki, PAŞA Bank sistem xarakterli bankdır və gələcəkdə Bankın çətinlik çəkməsi ümumi bank sektoruna mənfi təsir edə bilər. Bundan başqa, “Fitch”-in ekspertləri belə hesab edirlər ki, “Azərbaycan Beynəlxalq Bankı”nın öhdəliklərini öz üzərinə götürən dövlətin borc yükü artacağından digər özəl banklar dövlət dəstəyindən tam yararlana bilməyəcəklər. Buna görə, PAŞA Bankın dəstək səviyyəsi də “5”dən (“tam dəstək”) “3”-ə (“düşünülüb dəstək verilə bilər”) dəyişdirilib.
-Bu gün PAŞA Bankın dövlətin maliyyə dəstəyinə ehtiyacı varmı? Və ya yaxın gələcəkdə belə bir dəstəyə ehtiyac ola bilərmi?
-PAŞA Bankın biznes yanaşması qeyri-neft sektoruna xidmət etməkdir. Neftin qiymətinin kəskin düşdüyü dövlərdə belə Bank qazancla işləyib və hazırda bizim həm öz maliyyə vəziyyətimiz həm də xidmət etdiyimiz müştərilərin də vəziyyəti stabildir. Bütün bunlar gəlirlilikdən daha çox risklərin düşünülməsi və düzgün ölçülməsi, baş verə biləcək problemlərin öncədən fərz edilərək preventiv tədbirlər görülməsindən irəli gəlib.
-Reytinqin azaldılması PAŞA Bank üçün bazar şərtlərin ağırlaşması və bundan biznesinin mənfi təsir görməsi ilə nəticələnə bilərmi? Hazırda Bankın xarici öhdəlikləri hansı məbləğdədir?
- Reytinqimizin düşməsilə əlaqədar bizim biznesimizdə hər hansı bir geriləmə baş verməmişdir. Bizim adətən xarici borclanmağımız xarici ticarətin maliyyələşdirilməsi instrumenti olan akkreditivlər ilə bağlıdır.
Eyni zamanda, reytinqin yenidən baxılması nəticəsində xarici maliyyə təşkilatlarının PAŞA Bank üçün şərtlərində ciddi dəyişiklik baş verməmişdir və limitimizdə hər hansı bir azalma qeyd edilməmişdir. Təbii ki, xarici kredit təşkilatları reytinqin dilini daha yaxşı başa düşürlər və bu endirimin PAŞA Bankdan qaynaqlanmadığını bilirlər.Biz akkreditiv məhsulumuzu əvvəlki qaydada satırıq.
Banka məxsus 3,2 milyard manat aktivlər qarşısında, xarici borcu təxminən cəmi 28 milyon, ümumi qarantiya portfelimiz isə təxminən 76 milyon dollar təşkil edir.
“Standard Poor's”un Bankın reytinqini aşağı salacağı gözlənilirmi? Sizcə, “Fitch”reytinqinizi nə vaxt bərpa edə bilər?
- Artıq bir neçə gün öncə “Standard Poor's” Azərbaycanın reytinqini dəyişiklik etmədən təsdiq edib. Bunun nəticəsidir ki, biz “Standard Poor's” tərəfindən Bankın reytinqində hər hansı dəyişiklik gözləmirik.
Sualınız ikinci hissəsinə gəldikdə isə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə sektorunun gücləndirilməsi üçün lazımlı addımlar atılır və hər iki agentlik bu dəyişiklikləri yaxından izləyir. İnanırıq ki, atılan addımların müsbət nəticələri PAŞA Bankın reytinqinin qaldırılmasına əsas verəcək.
-Sonda, PAŞA Bank bu ilin ilk 5 ayını hansı göstəricilər ilə başa vurub?
-Kredit portfelimiz artır və artıq 932 milyon manata çatıb. Bank kapital adekvatlığını 20%, ani likvidliyini isə 60% səviyyəsində qoruyub saxlaya bilib. Bu hər iki göstərici Mərkəzi Bankın tələblərini 2 dəfə üstələyib. 5 ayın nəticəsində, audit olunmamış hesabata görə, 36,5 milyon manat xalis mənfəətimiz var. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Hazırda Bank yeni törəmə maliyyə alətlərinin üzərində işləyir və yeni məhsulların bankın mənfəətini daha da artırcağı gözlənilir.
© Marja
