30 Oktyabr

Mərkəzi Bankda müəllimlərə təlim keçildi

Mərkəzi Bank maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçilib

Fins.az xəbər verir ki, 2017-ci ilin fevral-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı şəhər Təhsil İdarəsi və Şuşa Rayon Təhsil Şöbəsi ilə birlikdə 7 qrup üzrə təlimlər təşkil edilib. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə Həyat Bilgisi fənnini tədris edən 145 nəfər müəllimə təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları və digər mövzular keçilib.

Təlimlər zamanı sığorta mövzusunu yerli sığorta şirkətlərinin nümayəndələri tədris edib. Eyni zamanda, mövzular üzrə interaktiv oyunlar və çalışmalar keçirilib və iştirakçılar kiçik biznes layihələr hazırlayıblar.

Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılıb, qiymətləndirilmə aparılıb və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanəblar.

Qeyd edək ki, maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti əsas hədəf qruplarındandır və onların maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.