30 Oktyabr

Mərkəzi Bankın faiz qərarı nədən xəbər verir? – 3 ÖNƏMLİ MESAJ

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bank İdarə Heyətinin iclası keçirilib. Iclasda uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Mərkəzi Bank avqust ayının 1-də uçot dərəcəsinin səviyyəsinə yenidən baxacağını bildirib. Növbəti iclasda uçot dərəcəsinin aşağı salınacağı gözlənilir. Bəs bu qərarlar nədən xəbər verir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli Fins.az-a münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın son açıqlaması uçot dərəcəsinin aşağı düşəcəyindən xəbər verir. Daha bir yenilik isə ondan ibarət oldu ki, Mərkəzi Bank keçirəcəyi iclasları bir ay əvvəlcədən xəbər verdi. İndiyə qədər belə bir hal müşahidə edilməmişdi. Dolayısı ilə iqtisadı subyektlər uçot dərəcəsi və ya diğər məsəslələrlə bağlı qərarın artıq nə vaxt olacağını bildilər. Buna görə Mərkəzi Banka ciddi təşəkkür düşür.
Faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsinə gəlincə, ekspert bildirib ki, Mərkəzi Bank bununla bazara 3 önəmli mesaj vermiş oldu.
1. Bankların asan qazanc dövrü bitdi
Birincisi, banklar indiyə qədər rahat şəkildə likvid vəsaitlərini ən azı 12-15%-lə risksiz maliyyə aləti olan Mərkəzi bankı notlarına və ya dövlət istiqrazlarına yerləşdirirdilər və kredit verməkdə o qədər də maraqlı deyildilər: “Açığı, bu manat güvənin nisbətən təmin edilməsi üçün belə də olmalı idi, bu reallıq idi. Yəni, banklar bu faiz dərəcələri ilə likvid vəsaitlərini yerləşdirdikləri üçün 20%-24%-lə kredit verməkdə maraqlı görünmürdülər”. Mərkəzi Bank faiz dəhlizini 10%-lə salmaqla və ya uçot dərəcəsini aşağı salmaqla bildirdi ki, banklar daha rahat şəkildə pulu Mərkəzi Banka qoyub faiz qazanıb, gəlir əldə edə bilməyəcəklər.
C.İbrahimli bildirib ki, əslində, Mərkəzi Bank bir ildən çoxdur ki, yerli kommersiya banklarına bu güzəşti etdi və bankların qısamüddətli investisiyalardan pul qazanması üçün şərait yaratdı. Bu da bankların maliyyə vəziyyəti ilə bağlı idi. İndisə Mərkəzi Bank banklara mesaj verdi ki, artıq dəstəyi yavaş-yavaş azaldıram və özünüz artıq ayaqda durmağı bacarmalısınız. Belə olan halda dövlət kağızlarına investisiyaların gəlirliyi aşağı düşməyə başlayacaq.Bu gəlirliliyin bankları qane etməyəcəyi nəzərə alsaq, bundan əlavə, Mərkəzi Bankın “uçot dərəcəsini də aşağı çəkəcəm” mesajı, yəni, mən sizə 18%-lə kredit verəcəm, sizin vəsaitləri 10%-lə cəlb edəcəm düşüncəsi bankları məcbur edəcək ki, mənfəətli işləyə bilmələri üçün likvid vəsaitlərini yerləşdirəcəkləri alternativ maliyyə alətləri və kreditləşmə məsələlərinə baxsınlar. Bu da artıq iqtisadiyyatın maliyyələşdirilməsini və iqtisadi aktivliyin artırılması üçün önəmlidir.
2. İnfilyasiya səviyyəsi qarşıdakı aylarda stabil qalacaq
Digər tərəfdən, hazırda ölkə iqtisadiyyatı üçün ən sıxıntılı məsələ infilyasiyadır. C.İbrahimli deyib ki, Mərkəzi Bankın qərarı hazırki infilyasiya səviyyəsinin ciddi təhdid yaratmadığından xəbər verir: “Yay mövsümündə iqtisadi aktivliyin zəif olması, bazara təklif olunan xususi ilə qida məhsul bolluğu və çeşidinin artması fonunda infilyasiyanın tənzimlənməsi müşahidə olunur”. Dolayısı ilə Azərbaycan Mərkəzi Bankı da qarşıdakı 2-3 ay üçün infiyasiyasının səviyyəsindən çox rahatdır. Mal və xidmətlərin həcminin artması, iqtisadi aktivliyin zəif olması infilyasiyanı tənziməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da son aldığı aldığı qərarlarda bu amili də nəzərə alıb.
3.Manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir
Və ən əsası, həm əhali və həm də iqtisadi subyektlər üçün maraqlı olan məsələ manatın məzənnəsidir. Ekspert bildirib ki, “monetar və fiskal siyasətdən, iqtisadi aktivliyin aşağı olmasından və açıqlamalardan görünür ki, Mərkəzi Bank məzənnə məsələsində bu il üçün rahatdır. Mərkəzi Bank hətta dünya bazarlarında neftin qiymətinin son bir həftədə kəskin eniş başlaması fonunda manatın məzənnəsindən ciddi dəyişiklik gözləmir”.
Rahim Tarıverdiyev