Bank sektoru uzun illər boyu yeni məhsullar yaradaraq müştərilərlə qarşılıqlı əlaqələri genişləndirib. Lakin ekspertlərin dediyinə görə, hazırki texnoloji inqlab dünyanın bank sektorunu tamamilə dəyişəcək.
Fins.az önümüzdəki illərdə qlobal bankların üzləşəcəyi təhlükələr haqda danışacaq. Onlardan bəziləri Azərbaycan bank sisteminə də aiddir.
Kiberhücumların sayı artacaq
Son zamanlar gurultulu əks-səda verən “Petya” və “WannaCry” virusları maliyyə institutlarına, şirkətlərə və dövlət qurumlarına xeyli ziyan vurub. Kibertəhlükəsizlik üzrə ekspertlərin fikrincə, bu cür cinayətlərin sayında artım gözlənildiyindən maliyyə bazarları iştirakçıları təhlükəsizlik sistemlərini ciddi şəkildə gücləndirməlidir.
Finteks və dünya nəhəngləri
Dünya ictimaiyyəti banklara ciddi rəqibin kim olduğunu təxmin etməkdə çətinlik çəkir. Ekspetrlərin bir hissəsi hesab edir ki, əsas rəqib finteksdir. Digərləri isə bankların rəqibinin iri texnoloji şirkətlər olduğunu düşünürlər. Sonunculara Rusiyanın “Sberbank”ının rəhbəri German Qref də daxildir. O hesab edir ki, finteks şirkətləri banklarla rəqabət apara bilməz:
“Bu gün bankların ağlı başına gələrək finteksləri kütləvi şəkildə almağa başlayırlar”.
Lakin onun dediyinə görə, iri texnoloji şirkətlərdən qorxmaq lazımdır: “Hesab edirəm ki, banklar iri texnoloji şirkətlərdən qorxur. Bax bu təhlükəlidir. Onların pulu da çoxdur, müştəriləri də. Onlar çox cəld yanaşırlar”.
İri bankların səhmləri artıq maraqlı deyil
Maliyyə institutlarının səhmlərinin bum zamanı çoxdan keçib və bu sahədə tunelin sonunda işıq görünmür. Hər şey hələ ötən qlobal maliyyə böhranı zamanı başladı və bundan sonra iri bankların səhmlərinə sərfəli yatırım epoxası gözlənilmir. Lakin investorlara qazanmaq üçün bir çox maraqlı İT-startaplar və finteks şirkətləri var.
Rəqəmsal valyutalar
Rəqəmsal valyutalar bir çox bankir və iqtisadçıların daha bir kütləvi həvəsidir. Dünyada kriptovalyutaların tərəfdaşları və düşmənləri iki cəbhəyə bölünüb. Ən öndə gedənlər nağdsız əməliyyatların sayının rekord sayda artdığını hesablayaraq gələcəkdə rəqəmsal pulların nağd pulları əvəz edəcəyini görür. Digərləri isə bunu əhəmiyyətli bir problem kimi görür. Almaniyanın Mərkəzi Bankının rəhbəri Yens Vaydmannın fikrincə, əgər vətəndaşlar vəsaitlərini dərhal hər hansı bir rəsmi rəqəmsal valyutaya köçürmək imkanı qazanarsa, bu böhran zamanı banklardan depozitlərin kütləvi çıxarılmasına gətirib çıxaracaq. Və bu Mərkəzi banklardan başqa digər bankların ölümü deməkdir. Çünki mərkəzi banklar müflisləşə bilməz.
Dövlət pulu və tənzimləmənin sərtləşməsi hesabına xilas olmaq
Dünya institutlarına qarşı daha bir təhlükə makroiqtisadi səbəblərə görə qlobal bank sistemlərində vəziyyətin pisləşməsidir. Və bunun nəticəsi kimi xilas olmaq üçün dövlət pullarınıın cəlb edilməsi çıxış yolu sayılır. Məsələn, bazar günü İtaliya rəhbərliyi iki regional bankın bağlanılmasına 17 milyardadək avro xərcləməyə hazır olduğunu söyləyib. Bu kreditorların ən yaxşı səhmlərinin “Intesa Sanpaolo” bankına nominal qiymətə köçürmək çərçivəsində baş verə bilər. “Veneto Banca” və “Banca Popolare di Vicenza” bankları kapitalın gücləndirilməsi və sağlamlaşdırılması uğrunda atılan addımlara baxmayaraq neçə il ərzində acınacaqlı vəziyyətdə idi. 17 milyard avro problemli kreditlərin və hüquqi risklərin bağlanmasına, qalan bankın yenidənqurulmasına və iki bankın yaxşı və pisə bölünməsi ilə əlaqəli kadrlarla bağlı xərclərin ödənməsinə sərf olunacaq.