30 Oktyabr

Azərbaycanda "Kredit Zəmanət Fondu" yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikasında qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfidir. Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilmiş, ticarət balansında müsbət saldo bərpa olunmuş və valyuta ehtiyatları əhəmiyyətli miqdarda artmışdır.

Manatın sabitləşməsi, inflyasiyanın nəzarətə götürülməsi və strateji valyuta ehtiyatlarının artması eyni zamanda sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasını, real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunmasını, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsini, bununla da əks-dollarlaşmanın stimullaşdırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdur.

Qeyd olunan vəzifələrin icrası növbəti dövrlərdə də ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq məqsədilə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusilə investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.

“Kredit Zəmanət Fondu” "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə yaradılıb.

Fərmanda müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün İşçi qrup yaradılıb və İşçi qrupun rəhbəri və üzvləri müəyyənləşib.

©Azərtac