Azərbaycanın iqtisadi gündəmində son dövrlər yenidən manatın məzənnəsində dəyişikliklərə diqqət artıb. İqtisadçı ekspert Vüqar Bayramov Fins.az manatın məzənnəsinin necə dəyişə biləcəyini açıqlayıb. O bildirib ki, sentyabr ayında dollara tələb yüksək olmadı. Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu: “Dollara tələbin azalması əslində gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib”.
Bununla belə, ekspert hesab edir ki, dekabr ayında dollara tələb yenidən artacaq. Bu idxalın artması, dövlət və yerlimüəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır: “ Manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necətəsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.