Azərbaycanda fəaliyyət göstərən 31 bank bu ilin yanvar-sentyabr aylarında 479,7 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların oktyabrın 1-nə malik olduqları 3 993,2 milyon manat məbləğində nizamnamə kapitalının 12%-i qədərdir. Fins.az Renkinq-ə istinadən xəbər verir ki,ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, bu ilin ilk 9 ayını mənfəətlə başa vurmuş 19 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Bank kapitalının 37,9%-i qədər mənfəət əldə edib. Yeri gəlmişkən, ABB ilkin kapitalının məbləğinə görə də ölkədə liderdir.
Sentyabrın sonuna nizamnamə kapitalının məbləğinə görə Azərbaycanda 4-cü olan "Kapital Bank" isə 31%-lik göstərici ilə 2-ci yerdə qərarlaşıb.
3-cü yeri isə 22%-lik göstərici ilə "Bank Avrasiya" tutub. Baxmayaraq ki, bu bank oktyabrın 1-nə malik olduğu nizamnamə kapitalı ilə ölkədə 26-cı olub.
Zərərlə işləyən banklar arasında fəaliyyət effektivliyi baxımından ən pis vəziyyət isə "Dəmir Bank"da qeydə alınıb. Bu bankın 9 aylıq zərəri nizamnamə kapitalının 97,1%-i qədər olub