31 Oktyabr

Paşa Bank 2017-ci ili belə "yola salır"

PAŞA Bank yerli qiymətli kağızlar bazarında növbəti bir ilkə imza atıb

Fins.az 2017-ci ili banklar necə yola salır silsiləsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən ən böyük banklardan biri olan Paşa Bank-ın 2017-ci ildə fəaliyyəti zamanı baş verənləri təqdim edir. Əslində bankın geridə qoymaqda olduğumuz 2017-ci il tarixcəsinə baxanda uğurların olduqca çox olduğunun şahidi oluruq. Görülən işlərin və uğurların çox olduğunu nəzərə alaraq Fins.az bu uğurlardan yalnız bir neçəsini təqdim edir.

Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın törəmə təşkilatı olan PASHA Yatırım Bankası Azərbaycan qiymətli kağızlar bazarında öz istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirib. Bu yerli qiymətli kağızlar bazarının tarıxində ilk emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb edir. İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter olaraq PAŞA Kapital İnvestisiya Şirkəti çıxış etmişdir

İstiqrazlarının yerləşdirilməsini şərh edən PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov qeyd edir ki, bu emissiya ilə Bank ölkənin qiymətli kağızlar bazarının inkişafına xidmət edən növbəti uğurlu bir təşəbbüsə imza atır.

“Bu və digər oxşar təşəbbüslərimizi diqqət mərkəzində saxlayan beynəlxalq maliyyə ekspertləri PAŞA Bank tərəfindən ölkənin qiymətli kağızlar bazarında həyata keçirdiyi layihələrini, o cümlədən korporativ istiqraz buraxılışını, market-meyker xidmətlərinin göstərilməsini yüksək qiymətləndirərək Bankımızı dəfələrlə nüfuzlu mükafatlara layiq görüblər. Sevindirici haldır ki, bu növ fəaliyyətlərin davamı olaraq həyata keçirilmiş PASHA Yatırım Bankasının istiqrazlarının Azərbaycan bazarında yerləşdirilməsi uğurla başa çatdırılıb. Ümid edirik ki, gələcək nailiyyətlərimiz də ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni zamandamüştərilərimizin və tərəfdaşlarımızın inkişafına əhəmiyyətli töhfə verəcək”, - deyə T.Kazımov bildirib.

Qeyd edək ki, emissiyasının parametrləri aşağıdakı kimidir:

Ümumi həcm: 25 000 000 USD

Tədavül müddəti: 5 il 3 ay

Kupon faizi: 4.85%

Kupon ödənişi: Hər kvartaldan bir

PAŞA Bank biznes üçün unikal kart məhsulu olan Tacir Kartı təqdim edir

Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.

Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.

Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.

PAŞA Bankın Baş kommersiya İnzibatçısı Melih Mengünün sözlərinə görə, Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur. “Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək» - deyə, M. Mengü yekunlaşdırdı.

Tacir Kartdan istifadənin əsas üstünlükləri:

Sahibkarlar üçün:
• Ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid
• Hesabatlılığın asanlaşması
• Kartın kredit xəttindən faydalanmaq imkanı
• Hər Distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması

Distribyutor şirkətlər üçün:
• Pul dövriyyəsinin nağdsız formaya keçməsi
• Şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi
• Mobil POS terminal vasitəsi ilə ödənişlərin qəbulu
• Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması
• Vəsaitin həmin gün hesaba köçürülməsi
• İnkassasiya xidmətinə ehtiyacın olmaması
• Hesabatlılığın asanlaşması
• Sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi

PAŞA Bankın yeni nəsil bankomatları müştərilərin istifadəsinə verililib

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə vermişdir. Özündə həm bankomat, həm də avtomatik valyuta mübadilə funksiyalarını birləşdirən qurğular vasitəsilə vətəndaşlarımız və Azərbaycanı ziyarət edən xarici ölkələrin vətəndaşları günün istənilən vaxtı bank kartlarından istifadə edərək vəsaiti nağdlaşdıra biləcək, eləcə də valyuta dəyişmə məntəqələrinə getmədən xarici valyutalarını manata dəyişərək istifadə edə biləcəklər.

Yeni nəsil ATM-lərin digər bir özəlliyi ondan ibarətdir ki, nağdlaşdırma əməliyyatı etmək istəyən digər bank kartı sahiblərinə bankomatın qəbul etdiyi əskinazlar rahat təqdim edilə bilir. Bu tip qurğularda adi bankomatlardan fərqli olaraq vəsaiti qəbul edən və nağdlaşdıran əskinaz bölmələri əlaqəlidir və PAŞA Bankın təqdim etdiyi üstünlük nəticəsində sahibkar gün ərzində yığdığı vəsaiti inkassasiya xərclərini minimuma endirərək ATM-ə daxil edə bilir və eyni əskinazlar rahatlıqla digər kart sahibləri tərəfindən nağdlaşdırıla bilir.

PAŞA Bankın Baş Kommersiya inzibatçısı Melih Mengünün qeyd etdiyi kimi, ölkəmizdə yerli biznesin dirçəldiyi və respublikamıza gələn turistlərin sayının durmadan artdığı bir vaxtda bu cür "nou-xau"-lardan istifadənin genişləndirilməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına növbəti bir töhfədir. "Qarşısında rəqəmsal bankçılığın inkişafını və real sektorun tələblərinin müvafiq qaydada təmin edilməsini davamlı hədəfləyən PAŞA Bank öz müştərilərinin ehtiyaclarını ödəmək üçün beynəlxalq təcrübə və ekspertiza əsasında hazırlanan yeni xidmətlər və texniki həllər bazara təqdim etməyə davam edəcək", - M. Mengü yekünlaşdırdı.

Qeyd edək ki, yeni nəsil ATM qurğuları artıq JW Marriot Absheron, Baku Boulevard Hotel, Bilgah Beach Hotel və Four Seasons mehmanxanalarında istifadəyə verilib.

PAŞA Bank "Şəffaf vergi tərəfdaşı” adına layiq görülüb

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank - "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüşdür. Bu status Vergilər Nazirliyi tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunan biznes fəaliyyətlərində şəffaflıq şərtlərinə riayət edən təşkilatlara verilir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu ada layiq görülmək Bankın Azərbaycan bazarında və regional miqyasda şəffaf maliyyə fəaliyyətinin həyata keçirilməsinə olan sadiqliyi ilə tam uyğunluq təşkil edir.

Qeyd edək ki, PAŞA Bank "Şəffaf vergi tərəfdaşı" adına layiq görülmüş Azərbaycan bank seqmentinin az sayda iştirakçılarından biridir. Bu statusa layiq görülmək üçün bazar iştirakçıları bir sıra meyarlara, o cümlədən vergilərin tam və vaxtında ödənilməsi, müvafiq hesabatlılığın təmin edilməsi, gücləndirilmiş elektron imzadan istifadənin tətbiq edilməsi, mühasibatlıq uçotunun yerli və beynəlxalq standartlara uyğun aparılması kimi bu və digər şərtlərə riayət etməlidir.

PAŞA Bank SIBOS 2017 beynəlxalq forumunda iştirak edib

Kanadanın Toronto şəhərində keçirilən miqyaslı beynəlxalq maliyyə forumu SIBOS 2017 işini 19 oktyabr tarixində tamamlayır. Hər il keçirilən tədbir çərçivəsində aparıcı maliyyə təşkilatları və korporasiyaları, maliyyə sektoru üçün avadanlıq istehsal edən müəssisələr, proqram təminatı tərtibatçıları, müstəqil məsləhətçilər ilə təmsil olunan konfrans və ixtisaslı bank texnologiyaları sərgisi də təşkil olunur. Ötən illərdə olduğu kimi PAŞA Bank tədbirdə təkcə Azərbaycandan deyil, həm də bütün regiondan yeganə eksponent bank qismində çıxış edib.

PAŞA Bank Euromoney tərəfindən Azərbaycanın ən yaxşı Bankı mükafatı ilə təltif edilib

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Euromoney maliyyə jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür. Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award of Excellence mükafatının möhtəşəm təltif etmə mərasimində açıqlanmışdır. 2017-ci ildə PAŞA Bank ilə yanaşı Raiffeisen Bank, BNP Paribas, Commerzbank və digər aparıcı maliyyə təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafat alanlar sırasında olmuşdur.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə ekspert icması tərəfindən fəaliyyətimizin yüksək qiymətləndirilməsi və nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınması Bank üçün böyük əhəmiyyət kəsb edir.

«Belə bir mötəbər mükafatın təltif edilməsi geniş təcrübəyə, peşəkar ekspertizaya və həm yerli, həm də regional bazarlar haqqında dərin biliklərə malik maliyyə təşkilatı olaraq PAŞA Banka olan etimadın bariz nümunəsidir. Bu isə öz növbəsində son illərdə regionda müşahidə olunan makroiqtisadi çağırışlar fonunda PAŞA Bankın və onun müştərilərinin dayanıqlı mövqeyinin rəhnidir. Fürsətdən istifadə edərək Euromoney ekspertlər icmasının mötəbər mükafatına layiq görülməyimiz ilə nəticələnmiş təqdirəlayiq fəaliyyətə görə Bankın kollektivinə təşəkkür edirəm”, deyə T.Kazımov fikrini yekunlaşdırmışdır.

Qeyd edək ki, Euromoney maliyyə jurnalı 1967-cı ildən dərc olunur və təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində müxtəlif ölkələrdə bank sektorunun və maliyyə təşkilatlarının fəaliyyətinin təhlili əsasında qəbul edilir.

Müəllif: Xeybər Heydərov