RƏSMİ

04 İyun

Azərbaycan Qvineya-Bisau ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq

Finss.az - Azərbaycan Respublikası və Qvineya-Bisau Respublikası arasında energetika sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım atılıb.

İki ölkə arasında bu sahədə yol xəritəsinin hazırlanması planlaşdırılır.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib. Nazir bildirib ki, o, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan tərəfinin neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrindəki zəngin təcrübəsinin paylaşılması, habelə kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Tərəflər arasında razılaşdırılan yol xəritəsinə əsasən, yaxın gələcəkdə ekspertlər səviyyəsində görüşlər keçiriləcək, həmçinin mövzuya dair seminarlar təşkil ediləcək.