Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə artıqlaması ilə icra olunub.
Maliyyə Nazirliyindən verilən məlumata görə, cari ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat təşkil edib. Bu göstərici altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.
Gəlirlərdə əsas pay İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalara məxsus olub – 8 milyard 703,7 milyon manat, bu da proqnozdan 466,4 milyon manat (5,7%) çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 91,1 milyon manat, proqnozdan 4,1 milyon manat (0,1%) yuxarıdır.
Əmlak Məsələləri Dövlət Xidməti 21,9 milyon manat daxilolma təmin edib ki, bu da proqnozdan 5,1 milyon manat (30,3%) artıqdır. Dövlət Neft Fondundan transfert 7 milyard 240,5 milyon manat olub və proqnozun 100%-ni təşkil edir. Digər daxilolmalar isə 434,6 milyon manatla proqnozu 314,1 milyon manat (3,6 dəfə) üstələyib.
Bununla belə, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manatla proqnozdan 84,9 milyon manat (21,4%) az icra olunub.
Yanvar-iyun dövründə dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat olub ki, bu da proqnoza nisbətən 99% səviyyəsində yerinə yetirilib.
Nəticədə, ilk 6 ayda dövlət büdcəsində 2 milyard 708,3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.