RƏSMİ

03 İyul

İyul 1-nə vergi ödəyicilərinin sayı 1,63 milyon nəfərə çatdı

Finss.az - 2025-ci ilin iyul ayının 1-nə Respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 630 743-ə çatıb.

Onların 86,9 faizi fiziki şəxslər, 13,1 faizi isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz artıb. Xüsusilə, fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz çoxalıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət və 1,1 faizi kooperativ kimi fəaliyyət göstərir. İyulun 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 197 038 vahid olub.

2025-ci ilin yanvar-iyun aylarında isə 6 814 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,9 faizi yerli, 11,1 faizi isə xarici investisiyalıdır. Qeydiyyatın 85,3 faizi elektron qaydada həyata keçirilib.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyat payı 96,6 faiz təşkil edib.