RƏSMİ

07 İyul

Büdcə ssudalarının qaytarılmaması dövlət öhdəliyinə çevriləcək

Finss.az - Milli Məclisin iclasında “Dövlət borcu haqqında” qanuna dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Bu barədə deputat Vüqar Bayramov məlumat verib.

Deputatın sözlərinə görə, dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilmiş büdcə ssudaları geri qaytarılmadıqda, bu borclar dövlət borcu və zəmanəti üzrə öhdəliklər kimi Təminat Fondu hesabına ödəniləcək.

“Bu o deməkdir ki, qaytarılmayan büdcə ssudalarının əvəzi birbaşa büdcə hesabına ödəniləcək. Məsələn, dövlət büdcəsindən Naxçıvan MR-in, yerli büdcələrin, büdcə təşkilatlarının və publik hüquqi şəxslərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər həmin il ərzində geri qaytarılmalıdır. Lakin təcrübə göstərir ki, bu vəsaitlərin tam və vaxtında qaytarılması ilə bağlı problemlər mövcuddur”, – deyə deputat bildirib.

Yeni hüquqi mexanizm Təminat Fondunun funksional imkanlarını genişləndirərək, yalnız dövlət zəmanəti ilə deyil, eyni zamanda qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı da çevik maliyyə alətinə çevrilməsinə şərait yaradacaq.