RƏSMİ

18 İyul

2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib

Finss.az - Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş siyahıya əsasən gələn il təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.

Siyahıda yer alan “Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi”, “Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi”, “Heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin inşası”, “Hövsan aerasiya (ÇSTQ) qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması”, “Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması”, “Yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması” layihələri ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsinə, ətraf mühitin qorunmasına və turizm potensialının artırılmasına yönəlib.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin internet səhifəsindəki müvafiq bölmədən əldə edə bilərsiniz.