Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması Qaydaları təsdiq edilib.
Finss.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qaydalar Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda formalaşdırılan dövlət informasiya ehtiyatları, sistemləri və elektron xidmətlərin vahid reyestrinin (bundan sonra – vahid reyestr) aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
Bu Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
Bu Qaydalar mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, habelə onların təhlükəsizliyini təmin edən qurumların informasiya infrastrukturlarına şamil olunmur.
Bu Qaydalarda istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.