RƏSMİ

21 Oktyabr

2026-cı il üçün dövlət büdcəsi: Gəlirlər 38,6 milyard manat proqnozlaşdırılır

2026-cı il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Finss.az xəbər verir ki, bu göstəricilər Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi sənədində yer alıb.

Sənədə əsasən, büdcənin xərclərinin 25 milyard 161,2 milyon manatı (60,3%) cari xərclərə, 14 milyard 84,8 milyon manatı (33,8%) əsaslı xərclərə, 2 milyard 457,6 milyon manatı (5,9%) isə dövlət borcu və öhdəliklərinə xidmətə yönəldiləcək. Cari xərclərdəki artım 2025-ci illə müqayisədə 1,6%, əsaslı xərclərdə isə azalma 1,2% səviyyəsində proqnozlaşdırılır. Dövlət borcu və öhdəliklər üzrə xərclər isə 2,4% artacaq.

Qeyd olunur ki, Maliyyə Nazirliyinin əvvəlki açıqlamasında 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri isə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə, gəlirlər 186 milyon manat, xərclər isə 155 milyon manat artırılıb.