SƏNAYE

19 Noyabr
103

Azərbaycan yanvar-sentyabr aylarında $2,1 milyard dəyərində qızıl idxal edib

Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında 50 tona yaxın qızıl idxal edib.

Fins.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana $2 milyard 111 milyon 769,55 min dəyərində 49 min 602,6 kq yarımemal edilmiş qızıl (nomenklatura kodu 710813) idxal edilib.

2018-ci ilin yanvar-sentyabr aylarında ölkəyə $459 milyon 671,16 min dəyərində 11 min 524,72 kq qızıl idxal edilib. Beləliklə, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana qızıl idxalı miqdar ifadəsində 4,3 dəfə, dəyər ifadəsində 4,6 dəfə artıb.

Hesabat dövründə Azərbaycana qızıl idxalı İsveçrə ($1 milyard 96 milyon 970,74 min dəyərində 25 min 605,89 kq), Kanada ($378 milyon 701,11 min dəyərində 8 min 981,45 kq), ABŞ ($333 milyon 38,24 min dəyərində 7 min 878,94 kq), Avstraliya ($291 milyon 936,4 min dəyərində 6 min 868,96 kq) və Braziliyadan ($11 milyon 123,07 min dəyərində 267,36 kq) həyata keçirilib.

Qızıl idxalının əhəmiyyətli dərəcədə artması Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aktivlərin strukturunun şaxələndirilməsi üçün qızıl alışı ilə əlaqədardır.

Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $15 milyon 811,33 min dəyərində 400,15 kq qızıl (nomenklatura kodu 710820) idxal edib. İdxalın bütün həcmi İsveçrənin payına düşüb.

Hesabat dövründə Azərbaycan $120 milyon 759,44 min dəyərində 3 min 716,85 kq qızıl ixrac edib. İxracın bütün həcmi İsveçrənin payına düşüb.

Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan $92 milyon 996,43 min dəyərində 2 min 266,84 kq qızıl ixrac edilib. Beləliklə, hesabat dövründə qızıl ixracı miqdar ifadəsində 63,9%, dəyər ifadəsində 29,8% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 min 780,7 kq qızıl hasil edilib.

2018-ci ildə Azərbaycan dünya bazarına $118 milyon 39,42 min dəyərində 2 min 904,26 kq qızıl ixrac edib.

30 sentyabr 2019-cu il tarixinə ARDNF-in aktivlərində 100,66 ton qızıl (3 milyon 236 min 233,233 troya unsiyası) var.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl hasilatı həyata keçirilir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur