02 Dekabr

SOCAR: "2018-ci ilin iyun ayından TANAP ilə Azərbaycandan Türkiyəyə 3,3 milyard kubmetr qaz nəql edilib"

2018-ci ilin iyun ayından 25 noyabr 2019-cu il tarixinədək “Şahdəniz” yatağından TANAP vasitəsi ilə Türkiyəyə Azərbaycan qazının nəql həcmi 3,3 3,3 milyard kubmetr təşkil edib. Bu barədə SOCAR-ın (ARDNŞ) məlumatında deyilir.

“İstifadəyə verildiyi vaxtdan (2018-ci ilin iyun ayında - İF) 25 noyabr 2019-cu il tarixinə qədər bu boru kəməri ilə 3,3 milyard kubmetr Azərbaycan qazı nəql edilib. 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayının sonuna qədər bu boru kəməri ilə 4 milyard kubmetr ümumi həcmdə təbii qazın nəqli nəzərdə tutulur”, - məlumatda qeyd olunur.

SOCAR-ın məlumatına görə, 2020-ci ilin iyun ayının sonundan etibarən isə Türkiyə TANAP vasitəsi ilə ildə 6 milyard kubmetr təbii qaz almağa başlayacaq. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına da çıxarılacaq və nəqliyyat həcmi 16 milyard kubmetrə çatdırılacaq. Bunun 10 milyard kubmetri 2020-ci ildən etibarən Avropaya ixrac ediləcək. .

2018-ci ildə TANAP qaz kəməri ilə 916,4 milyon kubmetr qaz nəql edilib. “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanovun sözlərinə görə, 2019-cu ildə kəmərlə 3 milyard kubmetr qaz tədarük olunacağı gözlənilir, 2020-ci ildə tədarükün illik həcmi 6 milyard kubmetr təşkil edəcək.

SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.

TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.

Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 mlrd. kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.

Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.