SƏNAYE

08 May

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Çexiyada pivə istehlakı hər sakinə ildə 128 litr olmaqla, tarixi minimuma enib.

Fins.az xəbər verir ki, bu barədə Çexiya pivə zavodları ittifaqının yaydığı press-relizdə deyilir. “2023-cü ildə Çexiyada pivə istehlakı koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlər dövründəki orta statistik göstəricilərdən də aşağı düşüb”, - deyə press-relizdə bildirilir.

Statistikaya görə, ötən il respublikanın hər sakini 2022-ci illə müqayisədə 8 litr az pivə içib. Restoran, kafe və barlarda satılan pivənin payı isə illik ifadədə bir faiz azalaraq ümumi istehlakının 30 faizini təşkil edib.

2023-cü ildə Çexiyada 20 milyon hektolitr pivə istehsal edilib. Bu, 2022-ci illə müqayisədə 2,4 faiz azdır. Respublikanın daxili bazarında spirtli içkilərin istehlakı 400 min hektolitr azalaraq 15,2 milyon hektolitrə enib. Həmçinin ölkədə tərkibində spirt olan pivəyə tələbat azalır, onun alkoqolsuz variantına tələbat isə artır.

Ekspertlərin fikrincə, pivə istehlakına Çexiyadakı qeyri-müəyyən iqtisadi vəziyyət və istehlakçıların davranışındakı dəyişikliklər təsir göstərir. Eyni zamanda, bu, respublika sakinlərinin sağlam həyat tərzinə meyli ilə izah edilir.

 

© azertac