Show

28 İyul

“Tbilisi Big Band” XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edib

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçıları arasında Gürcüstanın məşhur “Tbilisi Big Band” musiqi qrupu da yer alıb. İyulun 27-də “Qafqaz Resort” otelindəki açıq səhnədə caz və ritm dolu konsert proqramı ilə çıxış edən kollektiv musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Finss.az xəbər verir ki, “Tbilisi Big Band” festivalda üçüncü dəfədir iştirak edir. 1997-ci ildə yaradılan qrup Gürcüstanın aparıcı musiqi kollektivlərindən biridir və estrada ifaçılığı ilə yanaşı, gürcü caz ənənələrini yaşadır. Qrupun repertuarında yerli və xarici müəlliflərin vokal və instrumental əsərləri mövcuddur.

Musiqi qrupu 2006-cı ildə Monte Karloda keçirilən Beynəlxalq Caz Festivalında Qran-Pri mükafatına layiq görülüb. Onlar G. Şiller, B. Минсер, R. Ayers, İ. Butman, C. İzaak və D. Teffer kimi dünya şöhrətli musiqiçilərlə birgə çıxışlar ediblər.

Festival proqramına uyğun olaraq, iyulun 28-də kamera musiqisi axşamı və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq.