SIĞORTA

03 Dekabr
344

"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn 2020-ci ildən İcbari tibbi sığortanın tətbiqi ilə bağlı müsahibə verib.

2020-ci ildən etibarən ölkə miqyasında icbari tibbi sığortanın tətbiqi bizə nə vəd edir?

    - İlk olaraq onu deyim ki, 2020-ci ildə Azərbaycanda həyata keçiriləcək ən böyük islahat tədbirindən biri ölkə miqyasında icbari tibbi sığortanın tətbiqidir. Mən tibb işçisi deyiləm, amma bir iqtisadçı və ölkəmizdə iqtisadi islahatların təhlili ilə məşğul olan bir qurumunun təmsilçisi kimi icbari tibbi sığortanın tətbiqi məsələsinə münasibət bildirə bilərəm. Hər şeydən öncə mən bir vətəndaş kimi bu islahat təbirinin uğurlu olmasını istəyirəm və cəmiyyətimizin hamılıqla bu sahədəki islahatlara dəstək verməsini arzulayıram. Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü sürətdə dəyişəcək və əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı yaxşılaşacaq. Yəni səhiyyə sistemində islahatların aparılması, icbari tibbi sığortanın tətbiqi təkcə dövlətin və ya tibb işçilərinin yox, hər bir vətəndaşın maraqlarına uyğundur. Çünki icbari tibbi sığorta dünyaya göz açan körpədən tutmuş yaşlı vətəndaşa kimi hamını əhatə edəcəkdir. İlkin mərhələdə bu islahatın əsas maliyyə yükü də dövlətin üzərində olacaqdır. Amma öncədən onu deyək ki, 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemindəki problemlər tam deyil, mərhələlərlə həllini tapacaq. Açıq danışsaq, burada heç kimin əlində sehirli çubuq yoxdur və bir anda hər şey dəyişməyəcək. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq və xəstəxanalarda həmin xəstəxana olacaqdır. Amma yeni mexanizmlərin tətbiqi nəticəsində müsbət dəyişiklər özünü göstərəcəkdir. Xarici təcrübəyə də baxsaq görərik ki, bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşır. Onun üçün cəmiyyət olaraq bu islahatları dəstəkləməli və hər bir vətəndaş onun uğuru üçün öz töhfəsini verməlidir. Çünki bu islahatın mərkəzində Azərbaycan vətəndaşı durur. Nəzərə alaq ki, icbari tibbi sığorta həmrəylik və sosial ədalətlilik prinsipinə əsaslanır. Ölkə miqyasında icbari tibbi sığortanın tətbiqini bu il ölkəmizdə həyata keçirilən sosial islahatların davamı kimi qiymətləndirə bilərik.

    Yəni icbari tibbi sığorta haqların bir hissəsi dövlət tərəfindən qarşılanacaqdır?

    Bəli, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin böyük bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Hamı ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardımdan istifadə edəcəkdir. Xüsusən də imtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək. Dövlət tərəfindən 18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr diqqətdə saxlanılacaq. Məhz burada bir nüansı da nəzərə alaq ki, 2020-ci ilin dövlət büdcəsinin layihəsində “Səhiyyə” bölməsi üzrə bu ilin gözlənilən icra göstəricindən 34 faiz çox vəsait nəzərdə tutulub. Gələn il səhiyyə ilə bağlı xərclərin cəmi büdcə xərclərində xüsusi çəkisi 2019-cu ilin müvafiq göstəricindən 1 faiz çox olmaqla 5,1 faiz təşkil edəcək. Bu artımın özü də dövlətin əhalinin daha yaxşı səhiyyə xidmətlərinə çıxışını təmin etmək məqsədini daşıyır.

      Digər vətəndaşlar üçün də sığorta haqlarının ədalətli olması istiqamətində iş aparılır. Bildiyiniz kimi "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişiklərə əsasən 2020-ci il keçid olduğu üçün qeyri neft-qaz sahəsində fəaliyyət göstərən özəl sektora xüsusi yanaşma tətbiq edilib. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar neft-qaz sahəsində fəaliyyəti göstərənlərdən və dövlət sektorunda işləyənlərdən daha az sığorta haqqı ödəyəcəklər. Bunun izahını versək deyə bilərik ki, qeyri-neft sektorundakı işə götürən işçinin əməkhaqqının 8000 manata qədər olan hissəsi üçün

      1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz sığortahaqqı ödəyəcək. Vətəndaş bu sığorta haqqını ödəməklə xidmətlər zərfindəki 3000-dən çox diaqnoz üzrə xidmətdən istifadə imkanı qazanacaq. Onu qeyd edək ki, icbari tibbi sığortanın tətbiq edildiyi ölkələrlə müqayisədə Azərbaycanda faizlər aşağıdır. Məsələn, qonşu Rusiyada bu ödənişlər 5,1 faiz, Türkiyədə 12,5 faiz, Estoniyada 13 faiz təşkil edir. Dünya ölkələrinin təcrübəsinə baxanda görürük, bu sahədəki islahatlar davamlı xarakter daşıyır. Azərbaycanda da növbəti illərdə vətəndaşların daha yaxşı səhiyyə xidmətləri ilə təmin olunması məqsədi ilə bu sahədəki islahatlar dərinləşdiriləcək.

      Bəs icbari tibbi sığortanın mərhələli tətbiqi ilə bağlı nə deyə bilərsiniz?

      Bildiyiniz kimi icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazilərini əhatə edib, 2018-ci ildən etibarən isə Ağdaş rayonu ərazisində də tətbiq olunub. Bunu biz həm də başlanğıc mərhələsi də hesab edə bilərik. İndi isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı təkliflərini açıqlayıb. Belə ki, Agentlik 2020-ci il ərzində ölkədə icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Çünki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün mərhələli keçid zəruridir. Etiraf edək ki, bu çox böyük islahat tədbirdir və bunun həyata keçirilməsi eyni zamanda vətəndaşların məmnunluğuna səbəb olmalıdır. Yəni ölkədə fəaliyyət göstərən tibb işçiləri də yeni qaydalara və standartlara uyğun fəaliyyət göstərməli olacaqlar. Tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq olunacaq. Onun üçün də Agentlik bu islahatın əhatə dairəsinin genişliyini nəzərə alaraq, prosesə yumşaq keçid etmək istəyir. Bu keçid prosesindən hər hansı bir xəstə vətəndaşımızın hər hansı bir problemlə üzləşməsinə yol vermək olmaz. Bu proses bütün vətəndaşları əhatə edir və ilk növbədə elə etmək lazımdır ki, səhhətində hər hansı bir problem olan vətəndaşımız üçün heç bir mərhələdə problem yaranmasın. Doğrudur, icbari tibbi sığortanın tətbiqi ilə xüsusən də paytaxtda yerləşən tibb müəssisələrinə müraciətlərin sayında ciddi artım gözlənilir. Amma bu kütləvi müraciətlər əhaliyə keyfiyyətli tibbi xidmətlərin keyfiyyətinin aşağı düşməsinə səbəb olmamalıdır. Məhz Agentlik də mərhələli keçidi təklif edərkən bu faktları nəzərə alıb. Mən ilk olaraq Bakının yox, regionların prosesə cəlbini də müsbət qarşılayıram. Çünki regionlarda vətəndaşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması aktual məsələdir və bu regionda vətəndaşların səhhətindəki kiçik problemlərdən ötrü paytaxta həkimə gəlişin də qarşısını alacaqdır. Bir də ki mərhələli keçid dedikdə burada regionlar arasında bir neçə ay fərqindən söhbət gedir. Yəni 2020-ci ildə bütün ölkədə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Sadəcə bu islahat prosesini mərhələli şəkildə, daha ardıcıl həyata keçirilməsi hədəflənir. Onu da qeyd edim ki, mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.

      Məgər icbari tibbi sığortanın paytaxtdan başlayaraq regionlarda tətbiq prosesin daha sürətli getməsinə səbəb olmazdımı?

      Burada məqsəd daha çox ehtiyac olan bölgələrə öncəlik verilməsindən gedir. Biz statistik rəqəmlərə də nəzər salsaq aydın olur ki, ölkə üzrə tibbi kadr potensialının əsas hissəsi paytaxta cəmləşib. Belə ki, dövlət tibb müəssisələrində işləyən həkimlərin 59 faizi və ya 17 231 nəfəri Bakıda fəaliyyət göstərir. Bakı şəhərində əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 77,4 təşkil edir ki, bu da ölkə üzrə ümumi göstəricidən 2,5 dəfə çoxdur.

        Oxşar tendensiya tibb müəssisələrinin ölkə üzrə bölgüsündə də müşahidə edilir. Müvafiq qurumun Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanaların şəbəkəsinə daxil olan 472 stasionarı təhlil edərkən məlum olub ki, xəstəxanaların 19 faizi, çarpayı fondunun isə 37 faizin Bakı şəhərində cəmləşib. Bakı şəhərində əhalinin hər 10 000 nəfərinə düşən xəstəxana çarpayılarının sayı 62,6 təşkil edir ki, bu da ölkə üzrə göstəricidən 1,6 dəfə yüksəkdir. Burada bir faktı da qeyd etmək yerinə düşər ki, bütün üçüncü səviyyə xəstəxanalar, o cümlədən elmi-tədqiqat institutları, Azərbaycan Tibbi Universitetinin tabeliyində olan xəstəxanalar da paytaxta yerləşir. Təhlillər göstərir ki, Bakı şəhərində hər 100 nəfərə düşən stasionar xidmət və cərrahi əməliyyat sayı ölkə üzrə göstəricidən 2 dəfə yüksəkdir.

        Bu rəqəmlər də göstərir ki, ilk olaraq regionlardan başlamaq daha məqsədəuyğundur. Bir daha qeyd edirəm ki, icbari tibbi sığortanın tətbiqdən bir müddət sonra proseslər tam axarına düşəcək və Azərbaycan vətəndaşları bu islahatların nəticəsini görəcəklər.

        Yəni demək istəyirsiniz ki, icbari tibbi sığortanın tətbiqi hamı üçün faydalı olacaq?

        - Bəli. Ümumilikdə bu proses tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və ona əlçatanlığın yaxşılaşmasına səbəb olacaqdır. Təkcə bu faktın özü kifayətdir ki, biz səhiyyə sahəsində aparılan islahatları dəstəkləyək. Tibbi personalın buradakı uduşu ondan ibarət olacaq ki, səhiyyə sistemində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək və tibb müəssisələrinə müstəqil idarəçilik hüququ veriləcək. Tibb işçilərinin əmək haqlarının baza hissəsi artırılacaq və nəticədə həkimlər arasında sağlam rəqabət üçün zəmin yaranacaq. Onların motivasiya məqsədilə yeni iqtisadi mexanizmlər tətbiq olunacaq. Həmçinin tibb müəssisələrinin maddi-texniki təchizatı güclənəcək, İT infrastrukturu yaxşılaşacaqdır. Xüsusən də tibb müəssisələrinin dərmanlarla təchizatındakı problemlər aradan qalxacaq və həkim xəstə münasibəti yeni mərhələyə qədəm qoyacaq. Pasiyentin məmnunluğu həkimin nüfuzuna müsbət təsir edəcək. Bu isə ümumilikdə tibb işçiləri üçün faydalıdır.

        Sahibkarlara gəldikdə sağlam kollektiv yüksək əmək məhsuldarlığı deməkdir. Yəni işçi müalicə xərcləri üçün sahibkarın qapısını döyməyəcək. İşçinin motivasiyası artacaq və bu da sahibkarlar üçün faydalıdır.

        Ümumiyyətlə səhiyyə sistemində ictimai nəzarət güclənəcək və vətəndaş iştirakçılığı təmin olunacaq. Səhiyyə sistemində neqativ hallar azalacaq, şəffaflıq təmin ediləcək. Tibbi xidmətlərə əlçatanlığı aşağı olan rayon əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq. Səhiyyə islahatları savadlı həkimlərin xaricə axınını azaldacaq. Hətta bu islahatların uğurlu davamı xaricdə fəaliyyət göstərən həkimlərin ölkəyə qayıdışını stimullaşdıra, Azərbaycan vətəndaşlarının müalicə üçün ölkə kənarına gedişini azalda bilər. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu islahatların uğuru vətəndaşlar üçün yüksək keyfiyyətli səhiyyə xidmətlərini əlçatan edəcək və ölkəmizin modern səhiyyə sisteminə sahib olmasına töhfə verəcək.